AZ

Müharibədə bir ilk: İran Çindən casus peyk alıb

İranın müharibə zamanı ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını izləmək üçün Çindən casus peyk əldə etdiyi iddia olunur. 

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, sızdırılmış sənədlərə əsasən, peyk hücumlardan əvvəl hədəflərin müəyyənləşdirilməsi və hücumlardan sonra zərərin qiymətləndirilməsi üçün istifadə edilib. 

Ekspertlər bildirirlər ki, bu addım İranın sahədə mühüm üstünlük qazanmasına səbəb olub və müharibədə ilk dəfə bu səviyyədə xarici peyk imkanlarından istifadə olunduğu qeyd edilir. 

İddialara görə, İran son müharibə zamanı ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərini izləmək üçün Çindən gizli şəkildə casus peyk əldə edib. “Financial Times”-ın sızdırılmış hərbi sənədlərə istinadən yaydığı xəbərə görə, bu vəziyyət regionda yeni kəşfiyyat gərginliyinə işarə edir. 

Məlumata görə, İran Səudiyyə Ərəbistanı, İordaniya, Bəhreyn, İraq, Küveyt, Cibuti, Oman və Birləşmiş Ərəb Əmirliklərində yerləşən ABŞ hərbi bazalarını və kritik infrastruktur obyektlərini peyk vasitəsilə izləyib. “TEE-01B” adlı peykin 2024-cü ilin sonunda Çindən orbitə buraxıldığı və daha sonra İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava-kosmik qüvvələri tərəfindən idarə olunduğu bildirilir. 

Sızdırılmış sənədlərdə yer alan koordinatlar, peyk görüntüləri və orbit analizlərinin İran komandanlığı tərəfindən aktiv şəkildə istifadə edildiyi qeyd olunur. Bu görüntülərin mart ayında həyata keçirilən dron və raket hücumlarından əvvəl və sonra əldə edildiyi bildirilir. 

Sciences Po Universitetinin İran üzrə eksperti Nikol Qrajevski peykin mülki deyil, hərbi məqsədlərlə istifadə olunduğunu bildirib: “Bu peyk açıq şəkildə hərbi məqsədlər üçün istifadə olunur. İranın mülki kosmik proqramı deyil, SEPAH tərəfindən idarə olunur”. 

Ekspert əlavə edib ki, bu texnologiya İrana hücumlardan əvvəl hədəfləri müəyyənləşdirmək və hücumların nəticələrini qiymətləndirmək imkanı verir. 

Bu iddia İranın hərbi imkanlarını xarici dəstək hesabına gücləndirməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib və ABŞ–İran münasibətlərində gərginliyin daha da artması ehtimalını gücləndirib. 

Seçilən
29
cebheinfo.az

1Mənbələr