AZ

Mədinənin "yaddaşa həkk olunan təsvirləri" | FOTOLAR


Sərginin açılış mərasimində çıxış edən Milli Xalça Muzeyinin direktoruƏminə Məlikova qeyd edib ki, sərgidə rəssamın son beş ildə yaratdığı 28 əsər nümayiş olunur. “Muzeyin ənənəvi texnologiya şöbəsində rəssamın eskizləri əsasında toxunan beş yeni xalça ekspozisiyanın mühüm hissəsini təşkil edir. Bu əsərlər müasir obrazın tekstildə ifadə imkanlarını nümayiş etdirərək ənənəvi sənət ilə çağdaş incəsənət arasında məzmunlu dialoq yaradır. Sərgi çərçivəsində “Analar üçün çiçəklər” əsərinin dörd təcəssümü – rəngkarlıq, xalça, vitraj və rəqəmsal interpretasiya muzeyin daimi kolleksiyasına daxil ediləcək”,- deyə Ə.Məlikova əlavə edib.


Layihə çərçivəsində eyni obrazın müxtəlif formalarda təcəssüm etdiyini vurğulayan direktor deyib: “Obraz rəngkarlıqdan rəqəmsal müstəviyə keçir, daha sonra vitraj, mozaika və ya xalça kimi maddi daşıyıcılarda yeni məna qazanır. Beləliklə, obraz sabit çərçivədə qalmır, transformasiya olunaraq fərqli materiallarda həyatını davam etdirir. Ekspozisiyanın daxili ritmini formalaşdıran təkrarlanan motivlər fəsillərin dəyişməsi, gül kompozisiyaları, qadın və kişi portretləri, Bakının şəhər mənzərələri və abstrakt formalar müxtəlif material və texnikalarda təqdim olunaraq vizual, emosional, immersiv mühit yaradır. Burada xalçatoxuma prosesinin səsyazması əsasında sərgi üçün xüsusi hazırlanmış səs instalyasiyası təqdim olunur”.


Mədəniyyət nazirinin müaviniSəadət Yusifova bildirib ki, bu sərgi müəllifin zəngin və güclü yaradıcı enerjisindən xəbər verir. “Mədəniyyət Nazirliyi yaradıcı insanlara xüsusi diqqət göstərir, istedadlı gənclərin yaradıcılığının dəstəklənməsi üçün geniş imkanlar yaradır. Gənc rəssamların beynəlxalq səviyyədə tanınmasına şərait yaradılması prioritet məsələdir. Müəllifin fərqli vizual dili, sənətə cəsarətli yanaşması onu yaradıcılıq baxımından seçilən və yenilikçi edir. Əminik ki, sərgi həm yerli, həm də xarici ziyarətçilər üçün yaddaqalan olacaq və müasir incəsənətin inkişafına öz töhfəsini verəcək”, - deyə S.Yusifova əlavə edib.


Sərginin kuratoru, Almatı İncəsənət Muzeyinin inkişafı üzrə direktoru, muzeylərdə innovasiya sahəsində ekspertVladimir Opredelenovsöyləyib ki, rəssamın yaradıcılığı ənənələrə söykənərək tarixdən süzülüb gəlir və eyni zamanda müasir texnologiyalarla vəhdət təşkil edir: "Əsas ideyamız multidisiplinar rəssam Mədinə Qasımovanın bənzərsiz yaradıcılığını nümayiş etdirməkdir. Bu yaradıcılıq həm ilham verir, həm də ətraf aləmdə yeni, yaradıcı inkişaf üçün ümid yaradır. Onun sənəti kiçik formatlardan başlayaraq şəhər məkanına, hətta virtual dünyaya qədər genişlənir.


Mədinə indiyədək Nyu-York, Berlin və dünyanın bir çox şəhərində müxtəlif sərgilərlə çıxış edib. Həmin layihələrdə şəhər məkanına inteqrasiya olunan işlər də təqdim olunub. Lakin bu sərginin özəlliyi ondadır ki, burada ilk dəfə rəsm, qrafika və mozaika vahid konsepsiyada birləşdirilib. Bəzən bir-birinə zidd görünən elementlərin harmoniyası tamaşaçı üçün yeni baxış imkanı yaradır. Sərginin əsas məqsədi ənənəvi tekstil irsi ilə multidissiplinar müasir incəsənət arasında dialoqu inkişaf etdirməkdir. Ekspozisiyada rəssamın özünəməxsus vizual dili və yaradıcılıq metodunu əks etdirən əsərlər nümayiş olunur. Bu əsərlər yağlı və akril boya, mozaika, vitraj, rəqəmsal incəsənət və xalçaçılıq texnikalarında hazırlanıb”.


Sərgi mayın 15-dək davam edəcək.
Seçilən
25
27
azvision.az

10Mənbələr