AZ

“Azərbaycan minalarla tək mübarizə aparır? acı reallıq”

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Minatəmizləmə işlərinə daha geniş beynəlxalq dəstəyin göstərilməsinə təcili ehtiyac olduğu vurğulanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb. Bildirilib ki, 14 aprel tarixində ANAMA əməkdaşı Füzuli rayonunun Aşağı Abdurrəhmanlı kəndində tank əleyhinə minaya düşərək həlak olub. Qeyd olunub ki, 2020-ci ildən bəri 422 azərbaycanlı minaya düşərək ya həlak olub, ya da yaralanıb.

Bu faktlar fonunda azad edilmiş ərazilərin təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq dəstəyin niyə hələ də kifayət qədər geniş olmadığı sual doğurur.

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, post-münaqişə dövründə Azərbaycanın qarşılaşdığı ən ciddi problemlərdən biri geniş miqyaslı mina çirklənməsidir. Bu təhlükə ərazilərin təxminən 13 faizini əhatə edən, 1 milyondan artıq mina və partlamamış hərbi sursatın mövcudluğu deməkdir.

ANAMA əməkdaşının mina partlayışı nəticəsində həlak olması və ümumilikdə 2020-ci ildən bəri 422 nəfərin mina qurbanına çevrilməsi problemin aktuallığını bir daha ön plana çıxarır.

“Mövcud hesablamalara əsasən, bu qədər geniş miqyaslı çirklənmənin tam şəkildə aradan qaldırılması üçün milyardlarla ABŞ dolları həcmində maliyyə vəsaiti və uzun zaman tələb olunur. Hazırkı mərhələdə Azərbaycan dövləti bu ağır vəzifənin öhdəsindən əsasən öz daxili maliyyə resursları hesabına gəlir ki, bu da dövlətin məsuliyyətli və ardıcıl siyasətinin göstəricisidir.

Bütün bunlar onu göstərir ki, mina və partlamamış hərbi sursat problemi bu gün də ölkə üçün ən ciddi təhlükəsizlik çağırışlarından biri olaraq qalır. Belə ki, işğaldan azad edilmiş ərazilər uzun illər ərzində sistemli şəkildə minalanıb. Bu ərazilərin böyük hissəsində tank əleyhinə və piyada əleyhinə minalar, partlamamış hərbi sursatlar və başqa partlayıcı qurğular mövcuddur”, – deyə deputat bildirib.

Rizvan Nəbiyev hesab edir ki, problemin əsas çətinliklərindən biri mina xəritələrinin natamam və qeyri-dəqiq təqdim edilməsidir. Bu isə minatəmizləmə prosesini həm təhlükəli, həm də uzunmüddətli edir.

Deputat vurğulayıb ki, müasir beynəlxalq münasibətlər sistemində diqqət və resurslar çoxsaylı böhranlar arasında bölüşdürülür. Başqa iri miqyaslı münaqişələr beynəlxalq donorların diqqətini özünə yönəldir və bu da Cənubi Qafqazdakı humanitar problemlərin arxa plana keçməsinə səbəb olur.

“Bir çox beynəlxalq aktorlar regionda aktiv hərbi əməliyyatların olmamasını və de-fakto sülh vəziyyətini sabitlik kimi qiymətləndirir. Halbuki mina təhlükəsi faktiki olaraq münaqişənin “gizli irsi” kimi qalmaqdadır”, – deyə o bildirib.

Deputatın sözlərinə görə, qlobal miqyasda artan humanitar böhranlar donor ölkələrin maliyyə imkanlarını məhdudlaşdırır. Minatəmizləmə isə uzunmüddətli və yüksək maliyyə tələb edən prosesdir.

Rizvan Nəbiyev qeyd edib ki, mina xəritələrinin qeyri-dəqiqliyi, ərazilərin mürəkkəb relyefi və təhlükəsizlik riskləri həm beynəlxalq, həm də yerli təşkilatlar üçün əməliyyatların planlaşdırılmasını çətinləşdirir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
bizimyol.info

1Mənbələr