AZ

“Tülpanların əzilməsi sosial problemə işarədir”-Tural Nurməmmədov

Paytaxtın mərkəzində yerləşən Bakı bulvarında yaşıllıqlara zərər verilməsi ilə bağlı yayılan görüntülər ictimai narazılığa səbəb olub. Xüsusilə tülpanların əzilməsi ilə müşayiət olunan bu hallar şəhər mühitinə münasibət və vətəndaş davranışı məsələsini yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı “Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov QHT.az-a açıqlamasında bildirib ki, bəzi şəxslər sosial şəbəkələrdə daha cəlbedici görüntülər əldə etmək üçün güllüklərə daxil olur və bu zaman yaşıllıqlara ciddi ziyan dəyir. Onun sözlərinə görə, bu kimi hallar təsadüfi deyil və daha geniş sosial davranış problemlərinin göstəricisidir.

O qeyd edib ki, müşahidələrə əsasən, sosial şəbəkələrdə populyarlıq qazanmaq istəyi bir çox hallarda məsuliyyət hissini kölgədə qoyur. “Daha çox bəyənmə” və “izləyici sayı” uğrunda aparılan bu qeyri-rəsmi yarış bəzi istifadəçiləri ictimai qaydaları pozmağa vadar edir. Bu zaman isə zərər yalnız estetik mühitə deyil, ümumilikdə şəhər ekosisteminə dəyir.
Problemin həlli üçün ilk növbədə ekoloji maarifləndirmə gücləndirilməlidir. Məktəblərdən başlayaraq gənclərə təbiətə qayğı və ictimai məkan davranışı aşılanmalıdır. Praktik fəaliyyətlər ağacəkmə aksiyaları, parkların qorunması ilə bağlı könüllü proqramlar bu baxımdan xüsusilə effektiv hesab olunur.
Digər mühüm məsələ sosial medianın düzgün istiqamətdə istifadə edilməsidir. Tanınmış bloggerlər və influenserlər nümunəvi davranış sərgiləməklə geniş auditoriyaya müsbət təsir göstərə bilərlər. Onların məsuliyyətli paylaşımları gənclər arasında davranış standartlarının formalaşmasına kömək edə bilər.

Bununla yanaşı, ictimai nəzarət və hüquqi mexanizmlər də gücləndirilməlidir. Yaşıllıqlara zərər vuran şəxslərlə bağlı inzibati tədbirlərin tətbiqi, eləcə də ictimai qınağın maarifləndirici formada aparılması bu cür halların azalmasına təsir göstərə bilər. Eyni zamanda, park və bulvar ərazilərində xəbərdaredici lövhələrin artırılması və müəyyən zonalarda qoruyucu baryerlərin qurulması da effektiv addımlar sırasında qeyd olunur. Təbiətə hörmət yalnız fərdi məsələ deyil, cəmiyyətin ümumi mədəniyyət göstəricisidir. Hər bir vətəndaş ictimai məkanlara öz şəxsi əmlakı kimi yanaşmalı və onların qorunmasına töhfə verməlidir.Bakı bulvarında baş verən son hadisə bir daha göstərir ki, ekoloji məsuliyyətin artırılması üçün sistemli və davamlı tədbirlərə ehtiyac var. Bu istiqamətdə həm dövlət qurumlarının, həm də cəmiyyətin birgə fəaliyyəti əsas şərt kimi çıxış edir- deyəTural Nurməmmədov açıqlamasında vurğulayıb.

Zəhra Ağayeva

Seçilən
20
qht.az

1Mənbələr