Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda Dünya Autizm Məlumatlandırma Gününə həsr olunmuş “Hər fərqlilik bir həyat hekayəsidir” adlı elmi-praktik konfrans keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın açılış hissəsində Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə Sumqayıt Dövlət Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi institutun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov və AMEA-nın müxbir üzvü, Sumqayıt Dövlət Universitetinin rektor vəzifəsini icra edən professor Əminağa Sadıqov imzalayıblar. Tərəflər çıxışlarında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu tərəfdaşlığın gələcəkdə daha da genişlənəcəyinə və elmi- akademik sahədə səmərəli nəticələr verəcəyinə əminliklərini ifadə ediblər.
Açılış nitqi ilə çıxış edən Elnur Rüstəmov rəhbərlik etdiyi qurumda psixoloji xidmət və reabilitasiya sahəsində aparılan elmi tədqiqatlar, həyata keçirilən layihələr, eləcə də tələbələrin peşəkar inkişafı üçün yaradılmış imkanlar barədə məlumat verib. O, bu cür tədbirlərin cəmiyyətin maarifləndirilməsində mühüm rol oynadığını qeyd edərək, autizm spektr pozuntusu ilə bağlı erkən müdaxilə və düzgün yanaşmanın vacibliyini xüsusi vurğulayıb.
Professor Əminağa Sadıqov isə çıxışında institutun fəaliyyətini yüksək qiymətləndirib, həyata keçirilən elmi-praktik işlərin və tələbələr üçün yaradılan inkişaf imkanlarının təqdirəlayiq olduğunu bildirib. O, əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edərək təşəbbüsə görə təşəkkür edib.
Milli Məclisin deputatı, tarix elmləri doktoru, dosent Vasif Qafarov çıxışında psixologiya elminin inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirib. O, bu sahədə atılan addımların cəmiyyətin sağlam inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib və tədbirin təşkilinə görə minnətdarlığını bildirib.
Daha sonra Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, dosent Günel Paşayeva və Qərbi Kaspi Universitetinin Tədrisin təşkili və idarəolunması mərkəzinin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Piri Axundov çıxış edərək inklüziv təhsil mühitinin formalaşdırılmasının vacibliyindən danışıblar. Onlar autizmli fərdlərin cəmiyyətə inteqrasiyası üçün birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar.
Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Klinik psixologiya şöbəsinin müdir müavini, uzman klinik psixoloq Narınc Rüstəmova çıxışında autizm spektr pozuntularında erkən müdaxilənin həlledici rol oynadığını diqqətə çatdırıb. O, ailələrin bu prosesdə psixoloji dəstəyə olan ehtiyacını vurğulayaraq, tələbələr üçün yaradılan praktik və elmi imkanlara görə təşəkkürünü bildirib.
Konfrans çərçivəsində fəlsəfə üzrə fəlsəfə doktoru Afərin Abbasova “Autizmli uşaqların erkən yaş dövründə sosial adaptasiyası problemi”, dosent Aytəkin Məmmədova isə “Ali təhsildə inklüziv transformasiya: fərqlilikdən akademik üstünlüyə” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirin bədii hissəsində Sumqayıt Dövlət Universiteti və Qərbi Kaspi Universitetinin tələbələrinin hazırladıqları səhnəciklər nümayiş olunub.
Konfransın yekununda Elnur Rüstəmov tədbirdə iştirak edən bütün qonaqlara təşəkkürünü bildirərək qeyd edib ki, autizm fərqlilik deyil, fərqli inkişaf xüsusiyyətidir. Hər bir fərd düzgün yanaşma, erkən dəstək və anlayış sayəsində cəmiyyətin dəyərli üzvünə çevrilə bilər. Bu istiqamətdə maarifləndirmə və elmi fəaliyyətlərin davam etdirilməsi əsas prioritetlərdəndir.
Sonda tədbir iştirakçıları ilə kollektiv xatirə şəkli çəkdirilib.
"Azərbaycan"