AZ

Dünyada qaraciyərin piylənməsindən əziyyət çəkənlərin sayı 2050 ci ilədək 1,8 milyarda çatacaq

Azertag saytına istinadən ain.az xəbər verir.

Berlin, 15 aprel, AZƏRTAC

Dünyada qaraciyərin piylənməsi xəstəliyindən əziyyət çəkən insanların sayı 2050-ci ilədək təxminən 1,8 milyarda çatacaq

AZƏRTAC xəbər verir ki, bu barədə “The Lancet Gastroenterology & Hepatology” jurnalında dərc olunan tədqiqatda qeyd edilib.

Araşdırmaya əsasən, tibbdə metabolik mənşəli steatotik qaraciyər xəstəliyi (MASLD) kimi tanınan bu patologiyanın yayılmasının əsas səbəbləri arasında dünya əhalisinin artması, piylənmə hallarının çoxalması və qanda şəkərin səviyyəsinin yüksəlməsi dayanır. Məlumata görə, 2023-cü ildə təxminən 1,3 milyard insan bu xəstəlikdən əziyyət çəkib ki, bu da 1990-cı illə müqayisədə 3 dəfəyə yaxın artım deməkdir.

Tədqiqat göstərir ki, bu xəstəlik qadınlara nisbətən kişilər arasında daha geniş yayılıb. Ən çox risk qrupuna 35-39 yaş aralığında olan kişilər və 55-59 yaşlı qadınlar daxildir. Əsas risk faktorları arasında yüksək qan şəkəri, sonra isə artıq çəki dayanır.

Eyni zamanda, araşdırma göstərir ki, xəstəliyin yayılma səviyyəsi səhiyyə xidmətlərinin keyfiyyətinin və əlçatanlığın zəif olduğu ölkələrdə, xüsusən Yaxın Şərq və Şimali Afrika regionlarında daha yüksəkdir. Bu səbəbdən belə ölkələrdə səhiyyə sisteminin gücləndirilməsi zəruridir.

Qaraciyərin piylənməsi çox vaxt ilkin mərhələdə simptomsuz keçdiyindən bir çox hallarda gec aşkar edilir. Halbuki bu xəstəliyin müalicəsi erkən mərhələdə həyat tərzinin dəyişdirilməsi ilə mümkündür. Müalicə olunmadıqda isə qaraciyər sirrozu və xərçəng riski artır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
azertag.az

1Mənbələr