Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev 21 ünvanında fəaliyyət göstərən mebel sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Nazirliyin mətbuat xidmətindən Hafta.az-a verilən məlumata görə, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu, həmçinin elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib. Obyektdə yanğın su hovuzu mövcud deyil və bəzi divar, tavan hissələri yanar material olan lambirlə üzlənilib, taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb.
İstehsalat və anbar otaqlarında yanar materialdan istifadə edilərək otaqlar yaradılıb. Obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri isə Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
“Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş mebel sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”, - deyə məlumatda vurğulanıb.