AZ

Ziya Öztürklər: Türk Dövlətləri Təşkilatına tam üzvlük statusuna doğru irəliləyirik - MÜSAHİBƏ

BAKI, 15 aprel. TELEQRAF

Şimali Kipr Türk Cümhuriyyəti Milli Məclisinin sədri Ziya Öztürklər Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ziya bəy, Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında parlamentlərarası əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi üçün hansı istiqamətləri vacib hesab edirsiniz?

- Hazırda Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında əlaqələrin ən yüksək səviyyədə qurulması bizi çox sevindirir. Şimali Kipr Türk Cümhuriyyətindən siyasətçilərimiz, parlament sədrlərimiz və baş nazirimiz Bakıya səfərlər edirlər. Amma bu səfərlər daha çox qeyri-rəsmi xarakter daşıyırdı.

2022-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olmasının xüsusi önəmi var. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ciddi dəstəyi ilə bu proses davam etdirildi. Hazırda dostluq qruplarında və Türk Dövlətləri Təşkilatının keçirdiyi toplantılarda Şimali Kipr Türk Cümhuriyyəti özünə yaraşan şəkildə ən yüksək səviyyədə təmsil olunur.

Bildiyiniz kimi, dostluq qrupları hər iki ölkənin parlamentlərində qəbul edilərək yaradılan parlamentlərarası əməkdaşlıq mexanizmləridir. Bu baxımdan həm Azərbaycan, həm də Şimali Kipr Türk Cümhuriyyəti üçün bu əlaqələr böyük əhəmiyyət daşıyır. Biz burada olmaqdan çox məmnunuq.

Kipr türk xalqını Bakıda təmsil etməkdən çox məmnunluq hissi keçirdiyimi ifadə etmək istəyirəm. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə eyni masada əyləşərək dostluq qruplarının toplantısında iştirak etmək və çıxış etmək bizim üçün böyük qürur və sevincdir.

- Yaxın günlərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçılarının ikinci iclasında Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstəl rəsmi olaraq öz bayrağınızla iştirak etdi. Bu hadisəni diplomatik baxımından necə qiymətləndirirsiniz?

- Bəli, daha əvvəl də sabiq prezident Ersin Tatar və digər dövlət rəsmilərimiz Bakıya səfər ediblər. Lakin Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstəlin rəsmi səviyyədə Bakıya səfəri xüsusi əhəmiyyət daşıyır. Bu, bizim üçün qürurverici hadisədir. Səfər çərçivəsində Baş nazir Ünal Üstəlin Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi yüksək səviyyəli toplantılarda yer alması diqqətəlayiqdir. Azərbaycanın Baş naziri ilə Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinin eyni platformada iştirak etməsi münasibətlərin inkişafı baxımından mühüm mesaj kimi qiymətləndirilir.

Toplantılarda Türkiyə vitse-prezident Cevdet Yılmaz da iştirak edib və Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı çox güclü və dəstəkverici mesajlar səsləndirib. Ölkəmiz adından bu cür dəstəyi və verilən mesajları son dərəcə dəyərli hesab edirəm.

- Şimali Kipr Türk Cümhuriyyəti hazırda Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv statusu ilə təmsil olunur. Tam üzvlüyə nail olmaq üçün hansı diplomatik təşəbbüslər nəzərdə tutulur?

- Bu görüşlər olduqca önəmlidir. Əsas çağırışımız ondan ibarətdir ki, biz eyni dili, eyni tarixi və ortaq mədəni dəyərləri paylaşırıq. Tariximiz də, mübarizəmiz də birdir. Şimali Kipr Türk xalqı türk dünyasının ayrılmaz bir parçasıdır. Bu ayrılmaz parçanın layiqli dəyərini qazanması üçün yalnız ana vətən Türkiyənin və Azərbaycanın deyil, digər türk dövlətlərinin də daha fəal şəkildə dəstək verməsi zəruridir. Məhz bütün türk dövlətlərinin dəstəyi ilə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatındakı müşahidəçi statusunun tamhüquqlu üzvlüyə çevrilməsi mümkün ola bilər.

Hazırda biz tam üzvlük statusuna doğru irəliləyirik. Mən Milli Məclisin sədri olaraq Qazaxıstana və Azərbaycana rəsmi səfərlər etdim. Bu əlaqələr getdikcə inkişaf edir. Məsələn, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə türk dövlətlərinin toplantılarında tez-tez bir araya gəlirik, qarşılıqlı səfərlər həyata keçirilir. Bu ikitərəfli münasibətlər getdikcə daha yüksək səviyyəyə yüksəlir. Bu proses müəyyən mərhələyə çatdıqdan sonra baş nazir, prezident və digər yüksək səviyyələrdə də müzakirələr aparılacaq. Sonda digər türk dövlətləri də “Şimali Kipr Türk Cümhuriyyətini tamhüquqlu üzv kimi qəbul edək” mövqeyini ifadə edə bilərlər. Biz bunu arzu edirik.

Amma bunun üçün yalnız arzu etmək kifayət deyil, mübarizə aparmaq, iradə göstərmək və bu istəyi qətiyyətlə ortaya qoymaq lazımdır. Əslində, biz də məhz bu arzunu və iradəni ortaya qoyuruq.

- Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq aləmdə tanınması istiqamətində hazırda hansı diplomatik addımlar atılır? Bu prosesin gələcək perspektivlərini necə qiymətləndirirsiniz?

- Dünya bizə qarşı çox haqsız izolyasiya tətbiq edir. Şimali Kipr Türk Cümhuriyyətinin haqqı beynəlxalq aləmdə uzun illər ərzində yetərincə tanınmayıb. 2022-ci ildən etibarən Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olduq və türk dünyası platformalarında yer almağa başladıq. Eyni zamanda müxtəlif beynəlxalq platformalarda, o cümlədən Avropa qurumlarının toplantılarında iştirak edirik. Yuxarıda qeyd etdiyim kimi, məqsədimiz türk dövlətləri ilə əməkdaşlığı daha da genişləndirərək Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv statusundan çıxmaq və tamhüquqlu üzv olmaqdır. Bu istiqamətdə mübarizəni davam etdirmək vacibdir.

Hazırda Türkiyə ilə birlikdə Kıbrıs türk xalqı suveren bərabərlik və bərabər beynəlxalq status prinsipləri əsasında hərəkət edir. Təhsil sahəsində müəyyən nailiyyətlər əldə olunub. Dünyanın bir çox ölkələrində diplomlarımız tanınır. Türk dövlətləri ilə aktiv təmaslarımız başlayıb və bu əlaqələr getdikcə daha da genişlənəcək. İnanıram ki, türk dövlətləri bizə daha güclü dəstək verdikcə bu prosesin davamı da gələcək. Təbii ki, müxtəlif görüş və danışıqlar prosesləri də davam edir. Bu proseslər nəticəsində formalaşan siyasi və diplomatik mühit çərçivəsində Kıbrıs türk xalqına dəstəyimizi davam etdirəcəyik.

Kıbrıs türk xalqı tarix boyu çox ciddi mübarizələr aparıb. Uzun illər bizi azlıq kimi görməyə çalışdılar və bizə inanmadılar. Lakin tarix göstərdi ki, haqq uğrunda aparılan mübarizə nəticə verir. Bu baxımdan Azərbaycan xalqının keçdiyi yol da bizim üçün nümunədir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı Qarabağ Zəfəri ilə tarixi ədaləti bərpa etdi.

Kıbrıs türk xalqı da xüsusilə 1950-60-70-ci illərdə çox ağır mübarizələrdən və münaqişələrdən keçib. Buna baxmayaraq, öz hüququna və azadlığına sahib çıxmağı bacarıb. İnanırıq ki, günün sonunda bu mübarizəni də qazanacağıq.



Seçilən
13
teleqraf.com

1Mənbələr