AZ

Xatirəsi daim yaşayan nurlu insan

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında Akademik Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar “Xatirəsi daim yaşayan nurlu insan” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin, görkəmli oftalmoloq, alim Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirdi ki, Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın vəfat etməsinin 41-ci ili tamam olur. Xalqımızın yaddaşında əbədi qalan, hər zaman böyük hörmətlə anılan görkəmli şəxsiyyətlərdən biri də Akademik Zərifə xanım Əliyevadır. Xeyirxahlıq, insanpərvərlik, ziyalılıq yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət olan Zərifə xanımı hələ sağlığında əfsanələşdirmişdir. Zərifə xanım həm də qayğıkeş ana, vəfalı bir ömür - gün yoldaşı idi. Zərifə Əliyeva əsl Azərbaycan xanımına xas olan bütün keyfiyyətləri özündə birləşdirərək hər zaman Ulu Öndərimizə dəstək olmuşdur.

Rayon təşkilatının sədri onu da qeyd etdi ki, Ümummilli Liderimiz, Dahi Rəhbərimiz Heydər Əliyev də, hörmətli Akademik Zərifə xanım Əliyeva da xoşbəxt insanlar olublar ki, onlar müdrik xalqımız tərəfindən hər zaman böyük hörmət və ehtiramla yad edilir, onların əziz xatirəsi həmişə uca tutulur.

Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin məsləhətçisi Nigar Kərimova çıxış edərək Akademik Zərifə Əliyevanın Azərbaycan elminin inkişafındakı mühüm xidmətlərindən, onun oftalmologiya sahəsində qazandığı uğurlardan və zəngin elmi irsindən bəhs edib. Qeyd olunub ki, Zərifə xanım Əliyeva yalnız görkəmli alim kimi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi xalqımızın yaddaşında əbədi yaşayır.

Tədbirdə iştirak edən Şəfa İsmayılova, Zərifə Elxanzadə, Nazilə Hüseynova və başqaları çıxış edərək Akademik Zərifə Əliyevanın həyat yolu, elmi fəaliyyəti və gənc nəslin maariflənməsində oynadığı rol barədə geniş məlumat veriblər. Çıxışlarda onun Azərbaycan səhiyyəsinə və tibbin inkişafına verdiyi töhfələr xüsusi vurğulanıb.

Seçilən
11
ikisahil.az

1Mənbələr