ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa İttifaqı (Aİ) Şurası qərar qəbul edən kimi Gürcüstan Aİ ilə danışıqlara başlamağa hazırdır.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bunun üçün Aİ bürokratiyası assosiasiya sazişi üzrə öhdəliklərini yerinə yetirməli və Gürcüstanla sənəddə nəzərdə tutulan siyasi dialoqa qayıtmalıdır.
Nazir 2024-cü ildə Gürcüstanla Aİ arasında siyasi dialoqun Tbilisi tərəfindən deyil, Brüsselin qərarı ilə dayandırıldığını qeyd edib.
"Gürcü Arzusu" avrointeqrasiya prosesini heç zaman dayandırmayıb. Əksinə, siyasətimizin sayəsində Gürcüstan bir çox istiqamətlər üzrə digər namizəd ölkələrdən Avropa standartlarına daha yaxındır", - Boçorişvili əlavə edib.
Qeyd edək ki, XİN başçısı müxalif "Qaxariya - Gürcüstan naminə" partiyasının müraciəti əsasında parlamentə çağırılıb. Nazirə xarici siyasət, avrointeqrasiya və beynəlxalq münasibətlər mövzuları ilə bağlı 19 sual ünvanlanıb.
Xatırladaq ki, Gürcüstan hökuməti 2024-cü ilin noyabrında ölkənin Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyi barədə qərar qəbul edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.