AZ

İRANIN İSTİFADƏ ETDİYİ CASUS SİLAH... ABŞ bazaları addım addım necə izlənib? + FOTO

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

İranın 2024-cü ilin sonunda Çin istehsalı olan “TEE-01B” adlı casus peykini gizli şəkildə istismara verdiyi və bu peyk vasitəsilə Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarını izlədiyi məlum olub. Bildirilir ki, əldə olunan məlumatlar pilotsuz uçuş aparatları (PUA) və raket hücumlarının planlaşdırılmasında istifadə edilib.

"AzPolitika" xəbər verir ki, “Financial Times” nəşrinin sızdırılmış sənədlərə istinadən yaydığı məlumata görə, sözügedən peyk Çin şirkəti Earth Eye Co. tərəfindən istehsal edilib. Peykin orbitə buraxılmasından sonra onun idarəsi İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinə verilib.

Məlumatlarda qeyd olunur ki, İran tərəfi Pekin mərkəzli Emposat şirkəti vasitəsilə qlobal yer stansiyalarına çıxış əldə edib. Bu şəbəkənin Asiya, Latın Amerikası və digər regionlarda fəaliyyət göstərdiyi bildirilir.

Sənədlərə əsasən, peyk vasitəsilə əldə olunan koordinatlar, zaman damğalı görüntülər və orbit analizləri ABŞ-ın regiondakı əsas hərbi obyektlərinin izlənməsi üçün istifadə olunub. Bu görüntülərin mart ayında həyata keçirilmiş PUA və raket hücumlarından əvvəl və sonra çəkildiyi vurğulanır.

Məlumata görə, peyk Səudiyyə Ərəbistanındakı "Prins Sultan" Hava Bazasını 13–15 mart tarixlərində izləyib. Həmçinin Ürdündəki "Muwaffaq Salti" Hava Bazası, Bəhreynin paytaxtı Manamadakı ABŞ Beşinci Donanma bazası və İraqın Ərbil hava limanı ətrafı da müşahidə olunub.

Ağ Ev məsələ ilə bağlı birbaşa açıqlama verməsə də, ABŞ Prezidenti Donald Trampın Çinlə bağlı xəbərdarlığı diqqətə çatdırılıb. Tramp bildirib ki, əgər Çin İrana hava müdafiə sistemləri təqdim edərsə, bunun ciddi nəticələri olacaq.

İranın “kosmik kəşfiyyat” strategiyası: regionda yeni hərbi balans formalaşır

Son günlər beynəlxalq mediada yayılan məlumatlar göstərir ki, Yaxın Şərqdə geosiyasi rəqabət artıq yalnız quru və hava məkanında deyil, kosmos müstəvisində də yeni mərhələyə qədəm qoyur. 

Ekspertlərin fikrincə, peyk kəşfiyyatının əldə edilməsi İran üçün “asimmetrik güc aləti” rolunu oynayır. Ənənəvi olaraq texnoloji üstünlüyə malik olan ABŞ ilə müqayisədə İranın belə imkanlara çıxış əldə etməsi regionda qüvvələr balansını dəyişə bilər.

Burada diqqət çəkən əsas məqamlardan biri isə Çin faktorudur. Peykin Çin şirkəti tərəfindən hazırlanması və Pekin mərkəzli kommersiya yer stansiyalarına çıxışın təmin olunması göstərir ki, texnologiya transferi və dolayı əməkdaşlıq kanalları artıq beynəlxalq təhlükəsizlik mühitində mühüm rol oynayır.

ABŞ–Çin–İran üçbucağında gərginlik artır

Məsələ yalnız texnoloji deyil, həm də ciddi siyasi nəticələr doğura bilər. ABŞ Prezidenti Donald Trump tərəfindən Çinə ünvanlanan xəbərdarlıq Vaşinqtonun bu əməkdaşlığı potensial təhlükə kimi qiymətləndirdiyini göstərir.

Əgər Çin–İran texnoloji əməkdaşlığı dərinləşərsə, bu, ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunu daha həssas vəziyyətə sala bilər. Xüsusilə Səudiyyə Ərəbistanı, Bəhreyn və İordaniya kimi ölkələrdə yerləşən ABŞ bazalarının izlənməsi regionda təhlükəsizlik arxitekturasına ciddi təsir göstərə bilər.

Müasir müharibələrdə əsas üstünlük artıq yalnız silah gücü ilə deyil, məlumatın sürəti və dəqiqliyi ilə ölçülür. İranın peyk vasitəsilə əldə etdiyi koordinatların PUA və raket zərbələri ilə birləşdirilməsi “şəbəkə-mərkəzli müharibə” modelinin tətbiq olunduğunu göstərir.

Bu isə onu deməyə əsas verir ki, gələcəkdə regionda baş verəcək mümkün qarşıdurmalarda kəşfiyyat və süni intellekt əsaslı sistemlər həlledici rol oynayacaq.

Bütün bunlar həm də yaxın gələcəkdə regionda daha mürəkkəb və çoxqatlı geosiyasi qarşıdurmaların qaçılmaz olacağını göstərir.

Elman İsmayıllı

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
azpolitika.info

1Mənbələr