AZ

"Anora"nın rejissorundan yeni film: "Ti Amo!"

"Anora" filmi ilə "Ən yaxşı film" daxil olmaqla 4 "Oskar" qazanan rejissor Şon Beyker növbəti böyük layihəsini elan edib.

Kulis.az xəbər verir ki, "Warner Bros." studiyası Beykerin "Ti Amo!" adlı yeni filmini özünün yeni ixtisaslaşmış markası — "Clockwork" etiketi altında təqdim edəcəyini açıqlayıb.

"Anora"nın uğurundan sonra gözlənilən qayıdış

Şon Beyker "Anora"da olduğu kimi bu filmdə də rejissor, ssenarist, montajçı, kastinq direktoru və prodüser vəzifələrini öz üzərinə götürəcək. O, yenidən "Anora"nın prodüserləri Aleks Koko və Samanta Kuan ilə əməkdaşlıq edəcək. Layihənin istehsalı "Cre Film" və "Rapt Film" şirkətləri tərəfindən həyata keçirilir, maliyyələşməni isə "FilmNation Entertainment" təmin edir.

"Clockwork" və yeni strategiya

"Warner Bros."un rəhbərləri Mayk De Luka və Pam Abdi qeyd ediblər ki, bu film studiyanın 2027-ci il üçün hədəflədiyi 18 filmlik planın əhəmiyyətli bir hissəsidir. "Clockwork" markasına daha əvvəl "Anora"nın yayımını həyata keçirmiş "Neon" şirkətinin keçmiş rəhbərləri Kristian Parkes və Ceyson Vald rəhbərlik edir.

Kristian Parkes Şon Beyker haqqında bu sözləri deyib:

"Şon Beyker "Clockwork" olaraq inandığımız hər şeyi özündə təcəssüm etdirən bir sənətkardır. 'TI Amo!' kino dünyası üçün daha bir hədiyyə olacaq".

Sövdələşmə prosesində hüquqi tərəfləri Erik Elner, Ceymi Feldman və Leyn Klayn təmsil ediblər. Filmin 2027-ci ildə kinoteatrlarda nümayiş olunacağı gözlənilir.

Xatırladaq ki, Şon Beykerin son filmi "Anora" dünya miqyasında 57,3 milyon dollar kassa gəliri əldə etməklə yanaşı, "Ən yaxşı rejissor", "Ən yaxşı ssenari", "Ən yaxşı montaj" və "Ən yaxşı film" nominasiyalarında "Oskar" mükafatını qazanaraq böyük uğura imza atmışdı.

Seçilən
10
1
kulis.az

2Mənbələr