AZ

İranın Hörmüz boğazını özəlləşdirmək istəyi gerçəkləşəcək, ya yox?

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran baş verən proseslər fonunda Hörmüz boğazını özəlləşdirmək istiqamətində də aktivlik nümayiş etdirir. İranın rəsmi nümayəndəsi Fatemə Mohaceraninin Tehranın geosiyasi əhəmiyyətə malik Hörmüz boğazı üçün xüsusi rejim hazırlamağı planlaşdırdığı barədə açıqlaması da bunu təsdiqidir.

Mohacerani Hörmüz boğazını İranın xüsusi mülkiyyəti kimi təqdim edərək, müxtəlif ölkələrlə qarşılıqlı əlaqə üçün rıçaq kimi istifadə olunan hər bir mülkiyyət kimi, onun üçün də xüsusi rejim hazırlanacağını bəyan edib.

Görünən odur ki, İran mövcud vəziyyətdən istifadə edib, boğazı tamamilə öz mülkiyyətinə keçirməyə çalışır.

Politoloq Aytən Qurbanova Bakupost.az-a bildirib ki, Hörmüz boğazı beynəlxalq su yolu statusuna malikdir və onun İran da daxil hər hansı dövlət tərəfindən şəxsi mülkiyyətə çevrilməsi hüquqi baxımdan mümkünsüzdür.

Bu səbəbdən müsahibimizə görə, İranın boğazı özəlləşdirmək istiqamətində çabaları yersizdir:

“İranın Hörmüz boğazı kimi strateji su yoluna eksklüziv nəzarət iddiasının reallaşma ehtimalı mövcud beynəlxalq hüquq normaları və real güc balansı fonunda praktik müstəvidə məhduddur. Hörmüz boğazı dünya enerji təhlükəsizliyi arxitekturasının ən kritik elementlərindən biridir. Beynəlxalq enerji statistikalarına əsasən, gündəlik təxminən 17–20 milyon barel xam neft bu marşrut vasitəsilə nəql olunur ki, bu da qlobal neft ticarətinin təxminən 20 faizinə bərabərdir. Eyni zamanda, maye təbii qaz daşımalarının da əhəmiyyətli hissəsi məhz bu dəhlizdən keçir”.

Ekspertin sözlərinə görə, sahilyanı dövlətlərin, o cümlədən İranın, bu keçidi birtərəfli qaydada dayandırmaq və ya məhdudlaşdırmaq hüququ yoxdur:

“Boğaz üzərində hər hansı məhdudlaşdırıcı tədbir yalnız regional deyil, qlobal iqtisadi sabitlik üçün də ciddi risklər yarada bilər. Hörmüz boğazının hüquqi statusu əsasən 1982-ci il tarixli BMT-nin Dəniz Hüququ üzrə Konvensiyası çərçivəsində müəyyən edilib. Sözügedən sənəd beynəlxalq gəmiçilik üçün istifadə olunan boğazlarda “tranzit keçid” hüququnu təsbit edir. Bu hüquq həm mülki, həm də hərbi gəmilərə şamil olunur və sahilyanı dövlətlərin, o cümlədən İranın, bu keçidi birtərəfli qaydada dayandırmaq və ya məhdudlaşdırmaq imkanlarını hüquqi baxımdan istisna edir”.

Həmsöhbətimiz deyir ki, İran bu Konvensiyanı ratifikasiya etməsə də, tranzit keçid prinsipi artıq geniş qəbul olunmuş beynəlxalq hüquq norması kimi praktikada tətbiq olunur:

“ABŞ-nin regionda yerləşən güclü hərbi-dəniz qüvvələri və hava üstünlüyü, eləcə də Böyük Britaniya və digər Qərb ölkələrinin iştirak etdiyi dəniz təhlükəsizliyi təşəbbüsləri bu su yolunun açıq saxlanılmasına yönəlmiş əsas faktorlardır. 2019-cu ildə yaradılmış Beynəlxalq Dəniz Təhlükəsizliyi Mexanizmi də xüsusilə enerji daşıyıcılarının təhlükəsiz daşınmasını təmin etməyə xidmət edir”.

A.Qurbanova mövcud reallıqlara əsasən bildirir ki, İranın Hörmüz boğazı ilə bağlı sərt ritorikası daha çox geosiyasi təzyiq alətidir: “Bu yanaşma, xüsusilə ABŞ və Qərb dövlətləri ilə aparılan danışıqlar kontekstində təzyiq mexanizmi əldə etmək, həmçinin sanksiyalar fonunda ölkənin strateji əhəmiyyətini ön plana çıxarmaq məqsədi daşıyır. Eyni zamanda, bu ritorika regional güc statusunun nümayiş etdirilməsi və daxili auditoriyaya siyasi mesajların verilməsi baxımından da əhəmiyyətlidir”.

Rüfət Sultan, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
www.bakupost.az

1Mənbələr