AZ

“Sahibkarlıq üçün imkanlar genişlənir" - Deputat

DOST TV-nin "Ekspert rəyi" verlişinin son buraxılışında  sahibkarlıq fəaliyyəti imkanları və maliyyə savadlılığı haqqında danışılıb.

QHT.az xəbər verir ki, Milli Məclisin Deputatı Vüqar Bayramov verlişdə qonaq olub və çıxışı zamanı Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün imkanlar hazırda bu sahədə vəziyyət necədir? Müsbət məqamlar nədir? Çatışmayan cəhətlər nədir? mövzusu ilə bağlı fikirlərini açıqlayıb.

"Təbii ki, imkanlar genişlənir. Bir tərəfdən nəzərə alsaq ki, qanunvericiliyin təkmilləşməsi və yeni qanunların qəbul edilməsi sahibkarlıq fəaliyyəti üçün xeyli imkanlar yaradır. Xüsusən də son illərdə yeni qanunların, o cümlədən rəqabət məcəlləsinin qəbul edilməsi müşahidə olunur. Dövlət satınalmaları haqqında qanunun yenilənməsi və digər hüquqi aktların təkmilləşdirilməsi sahibkarlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Ümumilikdə hüquqi bazanın təkmilləşdirilməsi və yeni qanunvericilik aktlarının qəbul edilməsi sahibkarlığın dəstəklənməsi üçün yeni imkanlar yaradır. Bu baxımdan qanunvericiliyin bu istiqamətdə inkişafı davamlı prosesdir və növbəti dövrlərdə də davam etdiriləcək. Məqsəd xüsusən mikro, kiçik və orta sahibkarlar üçün daha geniş imkanların yaradılması, bazarda rəqabətin gücləndirilməsi, eləcə də güzəşt və təşviq mexanizmlərinin genişləndirilməsidir.

2026-cı il yanvarın 1-dən etibarən sahibkarlar üçün bir sıra güzəştlər tətbiq olunub. Belə ki, sadələşdirilmiş vergi üzrə dövriyyə həddi 200 min manatdan 400 min manata qaldırılıb, yəni iki dəfə artırılıb. Bu dəyişiklik xüsusilə mikro sahibkarların vergi güzəştlərindən istifadəsini genişləndirmək baxımından mühüm addımdır.

Sadələşdirilmiş vergi rejimində orta hesabla vergi dərəcəsi 2 faiz təşkil edir. Bu rejimin əsas məqsədi daha çox sahibkarın güzəştli vergi sisteminə cəlb olunması və onların daha böyük dövriyyə ilə fəaliyyət göstərməsinə şərait yaradılmasıdır. Eyni zamanda bu sistem ümumi hesabatlılıq prosesini də sadələşdirir.

Çünki sadələşdirilmiş vergi rejimində hesabatların təqdim edilməsi daha asandır. Sahibkarlar öz elektron kabinetləri vasitəsilə hesabatları onlayn şəkildə təqdim edə bilirlər. Ümumilikdə vergi sistemində hesabatlılığın elektronlaşdırılması və sadələşdirilməsi müşahidə olunur.

Sadələşdirilmiş vergi sisteminin əsas mahiyyəti ondan ibarətdir ki, sahibkar yalnız dövriyyəsindən vergi ödəyir. Digər əlavə vergi öhdəlikləri olmadığı üçün hesabat prosesi də xeyli yüngülləşir. Bu isə sahibkarların xərclərinin azalmasına və mikro sahibkarlığın daha da dəstəklənməsinə imkan yaradır.

Eyni zamanda 2026-cı ildən etibarən Mərkəzi Bank tərəfindən elektron ödənişlər, o cümlədən POS-terminallar vasitəsilə aparılan əməliyyatlara tətbiq edilən komissiya tarifləri üzrə maksimum hədlər müəyyənləşdirilib. Bu məsələ uzun müddətdir müzakirə olunan mövzulardan biri idi. Elektron ödənişlər gizli iqtisadiyyatla mübarizə və iqtisadiyyatın şəffaflaşdırılması baxımından vacib hesab olunur.

Lakin POS-terminallar vasitəsilə ödənişlər üzrə komissiya haqları bəzi hallarda yüksək idi. Yeni qərara əsasən bu tariflər azaldılıb və hazırda bazarda mövcud olan səviyyədən aşağı müəyyən edilib. Bu da sahibkarların xərclərinin azalmasına və banklarla sahibkarlar arasında daha sivil və faydalı münasibətlərin formalaşmasına xidmət edir.

Eyni zamanda mikro sahibkarların daha çox leqallaşması və iqtisadiyyatın şəffaflaşması baxımından da bu addım mühüm hesab olunur. Əvvəllər bəzi hallarda POS-terminallar üzrə komissiya haqları vergi dərəcəsinə yaxın idi və bu da onların istifadəsinə marağı azaldırdı.

Hazırda isə tariflər 0.5 faizdən 1 faiz aralığında dəyişir və bu, əvvəlki dövrlə müqayisədə azalmadır. Növbəti dövrlərdə elektron xidmətlərdən daha geniş istifadə və xərclərin optimallaşdırılması nəticəsində bu tariflərin daha da təkmilləşdirilməsi gözlənilir.

Ümumilikdə qanunvericiliyin təkmilləşdirilməsi, yeni güzəşt mexanizmlərinin tətbiqi sahibkarlığın inkişafı üçün əlavə imkanlar yaradır. Bununla yanaşı, əsas çağırışlardan biri sahibkarların maliyyə resurslarına çıxış imkanlarıdır.

Təəssüf ki, kredit faizləri hələ də yüksəkdir. Xüsusilə biznes kreditləri üzrə faizlərin yüksək olması real sektorda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların maliyyə resurslarına çıxışını müəyyən qədər məhdudlaşdırır.

Ona görə də bu istiqamətdə maliyyə resurslarına çıxış imkanlarının artırılması, yeni mexanizmlərin tətbiqi və kredit şərtlərinin optimallaşdırılması sahibkarlığın daha da inkişafı üçün vacib hesab olunur".

Seçilən
29
qht.az

1Mənbələr