İrandan fevralın 28-də saat 08:00-dan aprelin 11-də saat 10:00-dək Azərbaycana ümumilikdə 3 439 nəfər təxliyə olunub. Təxliyə olunanların 612 nəfəri Azərbaycan vətəndaşıdır.
(mənbə:Report) Eyni zamanda, Çinin 735, Rusiyanın 374, Hindistanın 284, Banqladeşin 198, Tacikistanın 192, Pakistanın 151, İranın 136, Omanın 84, İndoneziyanın 68, Əlcəzairin 57, İtaliyanın 46, Almaniya və Kanadanın hər birinin 27, İspaniyanın 26, Fransa 25, Gürcüstan 21, Səudiyyə Ərəbistanı və Yaponiyanın hər birinin 18, Özbəkistan və ABŞ-nin hər birinin 17, Bəhreynin 16, Polşa və İsveçrənin hər birinin 14, Nigeriya, Qazaxıstan və Belarusun hər birinin 13, Macarıstanın 12, Meksikanın 11, Böyük Britaniya, Bolqarıstan və Konqo Demokratik Respublikasının hər birinin 10, Braziliyanın 9, Sudanın və Venesuelanın hər birinin 8, Finlandiya, Qırğızıstan, Rumıniya, Çexiya, Avstraliya, Slovakiya, Belçika və Birləşmiş Ərəb Əmirliklərinin hər birinin 6 vətəndaşı təxliyə edilib.
Bundan başqa, təxliyə edilənlər arasında Türkiyə, Serbiya, İsveç, Əfqanıstan, Avstriya, Yunanıstan və Vyetnamın hər birinin 5, İordaniya, Filippin, Ukrayna, Şri-lanka, Küveyt və Niderlandın hər birinin 4, Qətər, Xorvatiya, Danimarka və Norveçin hər birinin üç, Nepal, Livan, Yəmən, Myanma, Kipr, Misir, Uruqvay və Sloveniyanın hər birinin iki vətəndaşı var. İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Beliz və Dominikanın hər birinin bir vətəndaşı təxliyə olunub.
Azərbaycana minlərlə insanın təxliyəsi ölkənin logistika və resurs imkanlarına necə təsir edir?
Deputat, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Bu tip təxliyə işlərinin həyata keçirilməsi üçün qurumlararası əlaqələndirməyə ciddi ehtiyac var. Əgər bu əlaqələndirmə effektiv şəkildə təmin olunarsa, təxliyəni düzgün və operativ şəkildə həyata keçirmək mümkündür.![]()
Faktiki olaraq, fevralın 28-dən etibarən başlayan ABŞ–İran qarşıdurması zamanı İran ərazisindən Azərbaycanın cənub sərhədi vasitəsilə təxliyə olunan şəxslərin ölkə ərazisindən operativ şəkildə çıxarılması istiqamətində işlərə başlanılmışdı. Nəticə göstərdi ki, bu prosesin uğurla həyata keçirilməsi məhz qurumlararası əlaqələndirmənin yüksək səviyyədə təmin olunması ilə bağlı olub.
Nəzərə alsaq ki, təxliyə zamanı bir sıra dövlətlərin çox sayda vətəndaşları İranı tərk edərək Azərbaycan ərazisinə daxil olmuşdular və burada müvafiq prosedurlardan keçdikdən sonra əksəriyyəti öz ölkələrinə qayıtmışdı, bu da logistika və resurs imkanlarının kifayət qədər olduğunu göstərir. Ümumilikdə, bu cür əməliyyatların uğuru prosesə cəlb olunan logistika və resursların yetərli səviyyədə olmasından xəbər verir.
Adətən belə hallarda təxliyə olunan şəxslərin mediaya verdiyi açıqlamalardan da məlum olur ki, onların bütün zəruri ehtiyacları qarşılanır. Buraya müvəqqəti yerləşdirmə, qida təminatı, sənədləşmə və digər məsələlər daxildir. Nəticə etibarilə, bu şəxslər növbəti mərhələdə öz ölkələrinə yola salınırlar. Bu isə onu göstərir ki, zəruri resurs və imkanlar səfərbər olunub”.
Gələcəkdə mümkün miqrasiya axınlarına gəldikdə isə, deputat deyib ki, istənilən ölkə belə hallarla üzləşə bilər: “Əsas məsələ aidiyyəti qurumların buna hazırlıqlı olmasıdır. Azərbaycanda miqrasiya axınlarının effektiv idarə olunması üçün müvafiq strukturların əlaqələndirilmiş şəkildə fəaliyyət göstərmək imkanına malik olduğu bildirilir. Məlum olduğu kimi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti və digər qurumlar zaman-zaman mümkün miqrasiya axınlarının idarə olunması istiqamətində birgə fəaliyyət nümayiş etdiriblər. Hətta bir neçə il əvvəl İrana mümkün hərbi müdaxilə ehtimalı ilə bağlı böyük miqrasiya axını gözləntiləri fonunda müəyyən hazırlıq işləri görülmüş, müvəqqəti düşərgələrin yaradılması kimi tədbirlər planlaşdırılmışdı. Lakin buna ehtiyac olmadı. Bu isə onu göstərir ki, fors-major vəziyyətlərdə aidiyyəti qurumlar çevik və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərmək iqtidarındadırlar. Eyni zamanda, belə hallara hazırlıq işlərinin mütəmadi olaraq nəzərdən keçirildiyi də müşahidə olunur”.
Təxliyə olunan şəxslərin uzun müddət Azərbaycanda qalmasının sosial sistemə təsirinə gəlincə, Azər Allahverənov qeyd edib ki, mövcud məlumata görə, həmin şəxslər ölkədə uzunmüddətli qalmaq niyyətində olmayıb və qısa müddət ərzində Azərbaycanı tərk ediblər: “Lakin ümumi qayda olaraq, əgər belə niyyət olarsa, bunun üçün hüquqi prosedurlar mövcuddur. Bu prosedurlara uyğun olaraq, həmin şəxslər miqrasiya uçotuna alınır və müvəqqəti yaşama icazəsi ilə təmin olunurlar. Bunun üçün isə Miqrasiya Məcəlləsində nəzərdə tutulan əsaslar mövcud olmalıdır. Əgər bu əsaslar varsa, şəxslərin ölkə ərazisində uzun müddət qalmasına hüquqi maneə yoxdur. Qeyd etmək lazımdır ki, vizasız rejimə malik ölkələrin vətəndaşları üçün bu prosedurlar nisbətən sadədir. Viza tələb olunan ölkələrin vətəndaşları isə ölkəyə daxil olduqdan sonra müvafiq qaydada viza almalı və qalma məqsədlərini rəsmiləşdirməlidirlər. Sonrakı mərhələdə isə qanunvericiliyə uyğun olaraq qeydiyyata alınır və əsaslar mövcud olduğu halda ölkədə qalmaq hüququ əldə edə bilirlər. Yekun olaraq, bütün bu proseslər hüquqi müstəvidə tənzimlənir və müvafiq prosedurlara uyğun şəkildə həyata keçirilir”.
Afaq Mirayiq,
Musavat.com