AZ

“İşimlə fərəh duyuram” Bölgədə ahıl şəxslərə xidmət göstərən sosial işçinin bir iş günü

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Şəki, 15 aprel, AZƏRTAC

Tənha, yaşlı və əliliyi olan insanlar müəyyən vaxtdan sonra hərəkət məhdudiyyəti ilə qarşılaşır, hətta evdə belə özlərinə xidmət edə bilmirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial işçiləri belə insanlara evlərində xidmət göstərirlər.

AZƏRTAC-ın bölgə müxbiri Şəkidə bu kateqoriyadan olan insanlara sosial xidmət göstərən İradə Salamovanın birgünlük fəaliyyəti ilə tanış olub, həmçinin xidmət alan insanlarla söhbət edib, göstərilən xidmətin keyfiyyəti ilə maraqlanıb.

İradə Salamova 12 ildən çoxdur ki, sosial xidmətçi vəzifəsində çalışır. Qaydalara uyğun olaraq, həftədə bir neçə dəfə xidmət sahəsindəki tənha, ahıl və əlilliyi olan şəxslərə evlərində baş çəkir, onların qayğısına qalır. Onu hər evdə ailənin bir üzvü kimi qəbul edirlər.

İradə xanımla söhbətdən bəlli olur ki, sosial xidmətçi kimi əsas vəzifəsi həftədə azı iki dəfə xüsusi qayğıya ehtiyacı olan tənha, ahıl və əlilliyi olan şəxslərin evlərinə gedərək, onların evlərində təmizlik işləri aparmaq, həmçinin ərzaq, sənaye və məişət mallarının alınmasında, yemək hazırlanmasında, zəruri hallarda tibbi yardım göstərilməsində və digər işlərdə kömək etməkdir: “İşimlə fərəh duyuram. Çox sevinirəm ki, ahıl şəxslərlə təmasda oluram, onlara quluq edirəm. Lazım olanda ailə üzvlərinə dietik yeməklər də hazırlayıram”.

İradə Salamovanın xidmət göstərdiyi ailənin başçısı, uzun illər müxtəlif vəzifələrdə çalışmış Laçın İsmayıllı deyir ki, əvvəllər ev işlərini görüblər, son iki ildə isə bunun öhdəsindən gələ bilmirlər. İndi onlara bu işdə İradə xanım kömək edir. Ona evin açarlarını verməkdən belə çəkinmirlər. “76 yaşım var. Oğlumuz burada yaşamır, həyat yoldaşım Xədicə xanımla qalırıq. Sosial xidmətlərə ehtiyacımız olduğu üçün agentliyə müraciət etdik. İradə xanım bizə yaxşı xidmət edir”.

Laçın müəllimin həyat yoldaşı Xədicə İsmayıllı istisasca həkimdir. Ömrünün 50 ilindən çoxunu tibb sahəsində çalışan bu xanımı Şəki ilə yanaşı, bölgədəki digər rayonlarda da tanıyırlar. O bildirir ki, Sosial Xidmətlər Agentliyinin işçisi hər bir işdə onlara yaxından kömək edir. “Bizə xidmət edən xanım artıq öz qızımız sayılır”, - deyə o diqqətə çatdırır.

Sosial xidmətçilərin fəaliyyəti daim nəzarətdə saxlanılır, ahıl, təhna və əlilliyi olan şəxslərə göstərilən xidmətlə bağlı monitorinq aparılır. Eyni zamanda, sosial xidmət alan insanlarla görüşlər keçirilir, onların rəy və fikirləri öyrənilir.

Sosial Xidmətlər Agentliyinin Şəki-Zaqatala Regional filialının əməkdaşı Nicat Şəmiyev deyir ki, evdə səyyar sosial xidmətə dərman vasitələrinin, zəruri qida və əsas təlabat mallarının alınmasında, istirahətin təşkil olunmasında, qida qəbul edilməsində və digər məişət xidmətlərinin göstərilməsində, hüquqi yardım alınmasında kömək edilməsi, yaşayış şəraitinin sanitariya-gigiyena qaydalarına uyğunlaşdırılması, tibbi və psixoloji yardım almaqda yardım göstərilməsi, həmçinin şəxslərin tibb və təhsil müəssisələrində müşayət olunması, əlilliyi olanlara reablitasiya xidmətlərinin göstərilməsi daxildir. Onun sözlərinə görə, Şəki-Zaqatala Regional filialı müvafiq kateqoriyadan olan 657 şəxsə evdə səyyar sosial xidmət göstərir.

O əlavə edib ki, qanunvericiliyə əsasən, əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan, özünəqulluq qabiliyyəti olmayan və sosial xidmətə ehtiyac duyan tənha ahıllar və əlilliyi olan şəxslər (yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadıqları halda – red.) evlərində sosial xidmətlə təmin edilirlər.

Müxbir - Rasim İslamoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
azertag.az

1Mənbələr