AZ

Paşinyan Ermənistan Konstitusiyasını sərt tənqid etdi

BAKI, 15 aprel. TELEQRAF

“Mən Ermənistanda institusional səviyyədə ədalət və ədalətli mühakimə hissinin mövcud olmadığını düşünürəm”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir belə bir sual verib: “Konstitusiya şərin köküdürmü?”

Paşinyan bildirib ki, bu məsələ yaxın gələcəkdə yeni Konstitusiyanın qəbul edilməsi zamanı həll olunmalı ən vacib məsələlərdən biridir. Onun sözlərinə görə, Ermənistanda ədalət və ədalətli mühakimə əsasən xalqla üzvi əlaqəsi olmayan, təcrid olunmuş institutlar tərəfindən idarə olunur və bu qurumlar cəmiyyət qarşısında kifayət qədər hesabatlılıq və məsuliyyətə malik deyillər.

“Bu sualın ardınca gedərkən mən özüm üçün belə bir nəticəyə gəldim ki, ədalət və ədalətli mühakimə Konstitusiya və qanunlara uyğunluq deməkdir. Əgər Konstitusiyanın özü hakimiyyətin ali mənbəyi (xalqla) ilə üzvi əlaqəyə malik deyilsə, nə etməliyik?”, - o, sual verib.

Ermənistan baş nazirinin sözlərinə görə, bu vəziyyətdə istənilən fəaliyyət cəmiyyət tərəfindən ədalətli kimi qəbul edilməyəcək:

“Konstitusiya xalqın azad iradəsinin ifadəsi olmalıdır, amma etiraf etməliyik ki, bizdə belə bir Konstitusiya yoxdur və heç vaxt olmayıb. Əgər həmin iradənin mənbəyi, yəni ədalət və ədalətki mühakimənin de-yure çıxdığı yer xalqla əlaqəni itiribsə, bu mexanizmin işləməsi heç vaxt xalq tərəfindən ədalət kimi qəbul edilə bilməz”.

Nikol Paşinyan vurğulayıb ki, bu, fundamental problemdir, yaxın zamanda həll olunmalıdır.

Seçilən
38
2
teleqraf.com

3Mənbələr