AZ

Qaluzin Bakıya buna görə gəlib, 5 aydan sonra...

Son dövrlərdə Rusiya-Azərbaycan münasibətləri klassik strateji tərəfdaşlıq çərçivəsindən çıxaraq, daha çox çevik, çoxmərkəzli və maraqların sərt şəkildə hesablandığı yeni mərhələyə daxil olub. Məhz bu xüsusda Mixail Qaluzinin ölkəmizə səfəri həm də regionda dəyişən güc balansının idarə olunması cəhd kimi də dəyərləndirilə bilər.

Bu fikirləri Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşünü şərh edərkən bildirib.

Deputat hesab edir ki, səfərin mahiyyətini anlamaq üçün ilk növbədə Cənubi Qafqazda 2020-ci ildən sonra yaranmış reallığı nəzərə almaq lazımdır:

image_1776248532608.jpg

“İkinci Qarabağ müharibəsindən və 2023-cü ildə baş verən lokal antiterror tədbirlərindən sonra Azərbaycan regional gündəmi müəyyən edən əsas aktora çevrilib. Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiyanın hava məkanında vurulmasından sonra rəsmi Moskvanın sərgilədiyi davranışlar, həmçinin həmvətənlərimizə qarşı həyata keçirilən sıxışdırma cəhdləri şimal qonşumuzun, bir qayda olaraq, anlayışla yanaşılan, bəzən idarə olunan mədəni, yaxud yumşaq güc mexanizmlərini də yarasız hala gətirib. Və ya effektiv olmadığını bunun əksini düşünənlər üçün aydınlaşdırıb. Bu dəyişikliklər Rusiyanın bölgədəki ənənəvi rolunu əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Beləliklə, Moskva hazırda daha çox proseslərə uyğunlaşmağa çalışan güc kimi çıxış edir. Qaluzinin səfərinin əsas məntiqi də zənnimcə, “uyğunlaşma diplomatiyası”dır. Rusiya indi Azərbaycanla münasibətlərdə təsir imkanlarını minimum səviyyədə də olsa saxlamağa çalışır. Bu isə klassik “məxməri təzyiq” diplomatiyasından daha çox “zərərin idarə olunması” strategiyasına bənzəyir”.

E.Mirzəbəyli qeyd edib ki, danışıqların rəsmi gündəliyində iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və regional təhlükəsizlik kimi ümumi ifadələr yer alsa da, real məzmunun daha strateji məsələlər ətrafında formalaşdığı ehtimalı daha çoxdur:

“Ən mühüm istiqamətlərdən biri regionda nəqliyyat-kommunikasiya xətlərinin gələcək arxitekturasıdır. Xüsusilə də Zəngəzur istiqamətində mümkün ssenarilər Rusiya üçün həm iqtisadi, həm də geosiyasi baxımdan kritik əhəmiyyət daşıyır. Moskva bu proseslərdən tamamilə kənarda qalmaq istəmir və ən azı hər hansı formada, ola bilsin ki, Rusiya Dəmir Yollarının Ermənistandakı törəmə müəssisəsi vasitəsilə iştirakçı statusunu qorumağa çalışır. Digər mühüm amil Ermənistan istiqamətində yaranan sürətli geosiyasi dəyişikliklərdir. Ermənistanın Qərbə doğru artan siyasi oriyentasiyası Rusiyanın Cənubi Qafqazdakı dayaq nöqtəsini zəiflədir. Bu şəraitdə Azərbaycan Moskva üçün paradoksal şəkildə daha vacib tərəfdaşa çevrilir. Yəni Bakı bir tərəfdən müstəqil və çoxvektorlu siyasət yürüdür, digər tərəfdən isə regionun ən sabit və güclü aktorudur. Eyni zamanda Azərbaycan-Rusiya münasibətlərində yeni reallıq ondan ibarətdir ki, Bakı, xüsusilə də ölkənin ərazi bütövlüyünü, suverenliyini tam təmin etdikdən sonra xarici siyasətində istisnasız olaraq tərəfdaşlıq modeli qurur. Bu isə danışıqların mahiyyətini dəyişir. Azərbaycan üçün Rusiya hazırda regional proseslərdə iştirak etməyə və ya iştirakını qoruyub saxlamağa çalışan çoxsaylı aktorlardan yalnız biridir”.

Deputatın fikrincə, səfərin daha az görünən, lakin strateji əhəmiyyət daşıyan istiqamətlərindən biri də informasiya və yumşaq güc müstəvisidir:

“Rusiyanın postsovet məkanında təsir alətlərindən biri olan media, mədəni və institusional şəbəkələrin son illərdə təsir imkanları, həm də xüsusi təzyiq mexanizmləri tətbiq edilmədən xeyli zəifləyib, bəzi istiqamətlərdə isə sıradan çıxıb. Bütün bu ehtimalları nəzərə alsaq, Qaluzinin Bakıya səfərini geosiyasi adaptasiya missiyası kimi də qiymətləndirə bilərik. Son hadisələr də göstərir ki, Rusiya bölgədə itirdiyi strateji dominantlığı kompensasiya etmək üçün yeni mexanizmlər axtarır, Azərbaycan isə artıq bu münasibətlərdə şərtləri müəyyən edən tərəf kimi çıxış edir. Bu keçid mərhələsində əsas sual ondan ibarətdir ki, Rusiya, hazırda inandırıcı görünməsə də yeni reallığa tam uyğunlaşaraq konstruktiv aktor kimi çıxış etməyi bacaracaq, yoxsa tədricən regional proseslərdə təsir imkanlarını daha da itirəcək? Düşünürəm ki, bu suala təxminən 5 aydan sonra daha aydın cavab vermək mümkün olacaq”.

Nigar Həsənli
Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr