AZ

Hindistanla ABŞ arasında yeni ticarət sazişi danışıqları başlayacaq

Hindistanla ABŞ arasında yeni ticarət sazişi danışıqları başlayacaq

Hindistan iqtisadi əməkdaşlığı aktivləşdirmək və ikitərəfli ticarət sazişi (İTS) üzrə danışıqları bərpa etmək məqsədilə gələn həftə ABŞ-a nümayəndə heyəti göndərəcək.

AFN.az "Press Trust of India" (PTI) agentliyinin hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, Hindistan hökuməti bu danışıqlara xüsusi önəm verir. Nazirlər Kabineti hesab edir ki, Amerika tərəfi Hindistan mallarına tətbiq edilən mövcud tariflərin hansı səviyyədə yenidən baxılacağına aydınlıq gətirdikdən sonra ticarət sazişi imzalana bilər.

Bundan əlavə, Yeni Dehli ABŞ Ticarət Nümayəndəliyi tərəfindən aralarında Hindistanın da olduğu 60 ölkəyə qarşı başlanılmış təhqiqatla bağlı Vaşinqtondan izahat almaq niyyətindədir. Sözügedən təhqiqat ixrac mallarının istehsalında məcburi əməkdən istifadə qadağasına əməl olunub-olunmaması ilə bağlıdır.

İlin əvvəlində Hindistan ABŞ-ın tarif siyasətini sərtləşdirməsi və Amerika Ali Məhkəməsinin artırılmış rüsumları qanunsuz hesab etməsindən sonra yaranan qeyri-müəyyən vəziyyətə görə İTS danışıqlarını təxirə salmışdı.

Yeni Dehli və Vaşinqton 2025-ci ilin fevralından bəri ikitərəfli ticarət dövriyyəsini 2030-cu ilə qədər iki dəfə artıraraq 500 milyard dollara çatdırmağı nəzərdə tutan genişmiqyaslı ticarət sazişi üzərində danışıqlar aparır. Hazırda Hindistan və ABŞ ticarət sazişinin birinci hissəsi üzərində işi tamamlayıblar. Tərəflər mart ayında bu müddəaları hüquqi sənədə çevirərək imzalamağı planlaşdırırdılar.

Seçilən
26
afn.az

1Mənbələr