AZ

Orta Dəhliz Türk dövlətlərinin strateji birliyini gücləndirir - ŞƏRH

Bakı, 15 aprel, AZƏRTAC

Orta Dəhliz təkcə nəqliyyat xətti deyil, eyni zamanda geniş iqtisadi əməkdaşlıq platformasıdır. Bu marşrut vasitəsilə yükdaşımaların vaxtında və təhlükəsiz şəkildə həyata keçirilməsi təmin olunur, tranzit ölkələrin gəlirləri artır və regionun iqtisadi potensialı daha səmərəli şəkildə reallaşdırılır. Xüsusilə Çin–Mərkəzi Asiya–Xəzər–Qafqaz–Avropa xətti üzrə daşımaların intensivləşməsi bu dəhlizin beynəlxalq əhəmiyyətini daha da gücləndirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Kocaeli Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri Bilal Dündar bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri Orta Dəhlizin inkişafında həlledici rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, həmçinin Xəzər dənizi üzərindən təşkil olunan müasir bərə və konteyner daşımaları logistika zəncirinin mühüm halqalarıdır. Bununla yanaşı, Qazaxıstanın Aktau və Kurık limanlarının genişləndirilməsi, Özbəkistanın regional logistika mərkəzlərinə investisiyaları Orta Dəhlizin ötürücülük qabiliyyətini artırır.

“Orta Dəhlizin rəqabət üstünlüyü yalnız coğrafi mövqeyi ilə məhdudlaşmır. Bu marşrut həm də çevik logistika həlləri, multimodal daşımaların tətbiqi və artan texnoloji imkanlar sayəsində daha cəlbedici olur. Alternativ marşrutlarla müqayisədə daha qısa müddətdə çatdırılma imkanı, gömrük prosedurlarının optimallaşdırılması və tranzit xərclərinin azaldılması beynəlxalq yükdaşıyıcı şirkətlərin marağını artırır. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində iqtisadi inteqrasiyanın gücləndirilməsi Orta Dəhlizin səmərəliliyinə birbaşa təsir göstərir. Üzv ölkələr arasında azad ticarət mexanizmlərinin genişləndirilməsi, gömrük və tarif siyasətinin uyğunlaşdırılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi bu istiqamətdə mühüm addımlardır. Eyni zamanda, ortaq logistika strategiyasının hazırlanması və vahid nəqliyyat siyasətinin formalaşdırılması dəhlizin rəqabət qabiliyyətini daha da artıracaq”, - deyə Bilal Dündar vurğulayıb.

Sədr əlavə edib ki, rəqəmsallaşma Orta Dəhlizin gələcək inkişafının əsas hərəkətverici qüvvələrindən biridir. Elektron sənəd dövriyyəsi, “ağıllı logistika” sistemləri, real vaxt rejimində yük izləmə texnologiyaları və blokçeyn əsaslı həllərin tətbiqi daşımaların şəffaflığını və operativliyini təmin edir: “Bu isə həm dövlət qurumları, həm də özəl sektor üçün əlavə üstünlüklər yaradır. Orta Dəhlizin inkişafı region ölkələrinin enerji və sənaye potensialının daha geniş bazarlara çıxışını təmin edir. Azərbaycan qazı və neftinin, Mərkəzi Asiya ölkələrinin xammal və sənaye məhsullarının Avropa bazarlarına daha sürətli və təhlükəsiz çatdırılması iqtisadi əməkdaşlığı yeni səviyyəyə qaldırır. Bu proses eyni zamanda regionda istehsal və ixrac yönümlü iqtisadiyyatın inkişafını stimullaşdırır. Orta Dəhliz çərçivəsində turizm və xidmət sektorunun inkişafı üçün də yeni imkanlar yaranır. Nəqliyyat əlaqələrinin yaxşılaşması region ölkələri arasında turizm axınını artırır, mədəni və humanitar əlaqələrin genişlənməsinə töhfə verir. Bu isə Türk dünyası ölkələri arasında inteqrasiyanı yalnız iqtisadi deyil, sosial və mədəni müstəvidə də gücləndirir”.

Bilal Dündar qeyd edib ki, yaşıl inkişaf prinsipləri də Orta Dəhlizin prioritet istiqamətlərindən biridir. Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin tətbiqi, enerji səmərəliliyinin artırılması və karbon emissiyalarının azaldılması istiqamətində görülən işlər bu marşrutun beynəlxalq ekoloji standartlara uyğun inkişafını təmin edir. Bu baxımdan “yaşıl dəhliz” konsepsiyasının tətbiqi gələcəkdə xüsusi əhəmiyyət kəsb edəcək.

Sədr hesab edir ki, Orta Dəhliz yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm platformadır. Bu marşrut TDT-yə üzv ölkələrin qlobal proseslərdə rolunu artırır, onların beynəlxalq nüfuzunu möhkəmləndirir və regionda sabitliyin təmin olunmasına töhfə verir. Eyni zamanda, bu dəhliz qlobal təchizat zəncirlərinin şaxələndirilməsi baxımından beynəlxalq tərəfdaşlar üçün də etibarlı alternativ kimi çıxış edir.

Müxbir-Vüqar Qurbanoğlu

Seçilən
32
1
azertag.az

2Mənbələr