AZ

Gərək müəllif Zərrinin çiyninə dünyanın bütün dərdlərini yükləməyəydi Hekayə müzakirəsi

Kulis.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Samirə Əşrəfin "Arzusuz illər" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Mirmehdi Ağaoğlu:

“Arzusuz illər” çox yaxşı yağış təsviri ilə başlayır və oxucunu melanxolik ovqata kökləyir. Ancaq sonradan ovqat tamam dəyişir, hekayə sanki zorakı kədərə bürünür. Gərək müəllif Zərrinin çiyninə dünyanın bütün dərdlərini yükləməyəydi, onun əvəzinə hekayənin nüvəsini Lalənin veyil-veyil gəzməklərində gizləyərdi”.

İlham Əziz:

“Samirə Əşrəfin “Arzusuz İllər” hekayəsi, onun hekayələri içərisində ən zəifidir. Hekayənin birinci cümləsindən başlayan xaos axıra kimi davam edir. Hekayənin ilk abzaslarından təhkiyə qarışıb. Gah birinci şəxsin təki, gah da üçüncü şəxsin təkində nəql olunur. Bu qarışıqlıq obrazların daxili monoloqları, başqa obrazlar haqqında düşüncələri qarmaqarışıq hal alır.

Hekayədə Minə obrazı göydən asılı qaldı. Hekayənin sonuna kimi Minəni axtardım, tapmadım. Hekayədə ən böyük problemlərdən biri məntiq problemidir. 4-cü sinif şagirdinin tanımadığı adamların otağına girib onlarla “heç vaxt yemədiyi, iyrənc saydığı” yeməyi yeməsi məntiq problemidir. Özü də axtardığı rəfiqəsinin iki-üç otaq aralıda qalması bu problemi daha da şiddətləndirir.

Lazımsız sentimentallıq, ağlaşma, ifadələri izah etmək çabası da qəbuledilməzdir. Belə hekayəni təzə başlayanlar yazsa, birtəhər yola vermək olar. Samirənin çox yaxşı hekayələri var. Məncə, bu hekayəni Samirənin hesabından silsək, daha yaxşı olar”.

Sevinc Elsevər:

"Çox güman ki, Samirə xanım bu hekayəni qərbi azərbaycanlılarla bağlı müsabiqə vardı, o müsabiqə üçün yazıb. Elə təxmin elədim. Normal hekayədir. Samirə xanımın daha yaxşı hekayələrini oxumuşam, əlbəttə.

Müsabiqə çərçivəsində yazılan hekayələrlə təbii, öz-özünə yazılan hekayələr mütləq ki, fərqlənir. Müsabiqə üçün yazılan hekayələrin yazılışında çox zaman vaxt darlığı, tələskənlik olur. Bütün bunlara baxmayaraq, hekayədə uşaqların duyğuları, hissləri oxucuya çatdırılır. Uğur olsun xanım yazıçımıza!".

Babək Məmmədli:

"Bu hekayəni bircə cümlə ilə ifadə etməli olsam, "hekayədən soğança iyi gəlir" deyərdim.

Samirə xanımın "Saturasiya", "Sərçə" kimi hekayələrinin fonunda bu hekayə çox sönük və zəifdir. Hamımızda olur, ürəyimizi dələn hansısa hüznlü xatirəni, nisgili ədəbiyyata çevirmək istəyirik. Ancaq, unuduruq ki, xatirələrin də uğurlu və uğursuz taleyi olur. Bu mətni oxuduqca Samirənin duyğu selinə düşüb inersiya ilə necə axıb-getdiyini görürdüm. Bu hekayəni yazmamağa heç kim Samirə xanımı inandıra bilməzdi. Buna baxmayaraq, o, tam müqavimətsiz idi. Elə mətnin nüvəsində də daha çox müəllifin çiyinlərini əzən yükdən qurtulma ehtirası sezilirdi.

Hekayə haqqında yeganə müsbət məqamı qeyd edim:

Samirə xanım Hamletin atasının kölgəsitək onu izləyən, təhrik edən bu qarabasmalardan daha birinin əlindən yaxasını ala bildi.

Gələk iradlara:

Hekayə bir daha redaktor probleminin nə qədər aktual olduğunu xatırlatsa da, primitiv dil xətalarını, ahəngin qorunmamasını müəllifin gündəliyinə yazdım. Belə səhvlərə görə "Xuraman müəllimə" xətkeşlə onun barmaqlarına-barmaqlarına döyərdi.

"Bayırda sərt payız havası başlanmışdı".

Belə yazılmalı deyildimi:

"Bayırda sərt payız havası vardı"?

Və yaxud:

"Yağda qovrulan soğan qoxusu ətrafı bürüdü". (soğan gül və ya ətir deyil ki, qoxusu olsun. Soğanın iyi olur)

Eləcə də bu cümlə:

"O, həm səhərin bu vaxtında ətrafı bürüyən soğança qoxusundan xilas olmaq istəyir, həm də sinif otağının düz yaxınlığında olan bu ev, ailə şəraitinə dayanıb tamaşa etmək, hətta onun bir parçasına çevrilmək istəyirdi".

"Soğançanı elə yeyirdi, elə bil kabab yeyirdi".

Uğursuz analogiyadır. Soğanı alma ilə, heyva ilə, soğançanı isə gicitkənla, qulançarla, dənizotuyla assosiasiya etmək olar. Hətta soya da gedər, ancaq, kababla əsla!

"Al-əlvan paltarlı rəqqasələr pərakəndə şəkildə stadionda dayanmışdılar. Onların düzülüşü bərabər deyildi. Amma görüntüləri bir dəstə dağ çiçəyinə bənzəyirdi. Elə bil qədim zamanlardan gəlib meydançaya düşmüşdülər".

Sonuncu cümləni, ümumiyyətlə, anlamadım.

"Al-əlvan geyinmiş rəqqasələr bir dəstə dağ çiçəyinə bənzəyirdilər".

Belə demək olmazdımı?

"Əlinin üstündəki çəhrayı şıramın üzərindəki kövrək dəri soğan qabığı kimi parıldayır, qıc olmuş barmaqlar qurumuş ağac budağını xatırladırdı".

"Şıram" sözü hekayədə üç yerdə gedib, səhv etmirəmsə. Əslində, o söz "şram"-dır. İkincisi də, axı dilimizdə bu sözün gül kimi qarşılığı var: çapıq.

Cümlənin özü də qüsurludur, Samirə xanım kimi peşəkar gərək beş dəfə məsuliyyətli olsun:

"Əlinin üstündəki çəhrayı şıramın üzərindəki kövrək dəri..."

"Əlindəkı çapığın dərisi" yaz bitsin də, əziz Samirə xanım. (yox, əgər inad edirsənsə ki, kövrək dəri, qoy olsun "kövrək dəri - əlindəki çapığın kövrək dərisi soğan qabığı kimi...)

"Onun gözündən axan bir damla yaş otağın tozlu döşəməsinə damcıladı".

"Damcılamaq" və "axmaq" fellərinin mahiyyətində təkrarlanma, davamlılıq aktı var. Bir damla elə bir damladır. O, nə damcılaya, nə də axa bilər. O, gözdən düşə bilər.

Bir yazıçı kimi, bir az da dəqiq ifadə etsəm, bir xanım yazıçı kimi Samirə Əşrəf sevdiyim imzadır. Ən çox da onun iddiasını və inadkarlığını sevirəm. Ona uğurlar diləyirəm. İnanıram ki, bir gün taleyindən kəsdiyi "saçın" heyfini çıxacaq.

Alpay Azər:

"Hekayə pis deyil, amma Samirənin əvvəlki yazdıqlarıyla müqayisədə bu hekayəyə “parlaq, çox yaxşı mətn” deyə bilmirəm. Zərrin, anası özündə ağrı, kədər gəzdirən canlı obrazlardır, yəni nasir bunları canlı olaraq verə bilib. Bu kədər dərindən işlənsə, hekayə daha uğurlu alınardı. Detallar “tanış mənzərə” təəssüratı oyadır. Əlbəttə, bu fikirlərimdə hədsiz subyektiv də ola bilərəm. Mən Samirə Əşrəfdən bildiyi teatr mühiti ilə bağlı hekayələr gözləyirəm, bu onun nəsr yaradıcılığında yeni mərhələ olardı".

“İmadəddin Nəsimi. Mən bu cahana sığmazam" kitabının təqdimatı keçirildi

Mart ayında baxılacaq 10 film - Siyahı

Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
kulis.az

2Mənbələr