AZ

Ana dilimizin qorunması və inkişafı mövzusunda Gəncədə seminar

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

AMEA-nın Gəncə Bölməsində Ana dilimizin qorunması və inkişafı mövzusunda seminar keçirilib.

525.az xəbər verir ki, seminarı giriş sözü ilə açarkən, Bölmənin sədri, akademik Fuad Əliyev bu görüşün ölkə rəhbəri cənab İlham Əliyevin AMEA-nın 80 illik yubileyinə həsr olunmuş toplantıda etdiyi proqram xarakterli çıxışı zamanı dilimizin qorunması və inkişafı yönündə ziyalılarımızın, alimlərimizin üzərinə düşən vəzifələr haqda səsləndirdiyi vacib məsələlərin işığında təşkil edildiyini vurğulayıb və bugünkü çıxışlarında məhz həmin tezisləri əhatə edən elmi xarakterli mülahizələrə diqqət yetiriləcəyinə ümid etdiyini bildirib.

Akademik F. Əliyev həmçinin  müasir dövlətçiliyimizin qurucusu , Ulu Öndər Heydər Əliyevin millətin formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək dəyərləndirdiyini, bu baxımdan XX əsrin ikinci yarısından etibarən Azərbaycan dilinin sürətli inkişaf tapmasının, dövlət dili stastusuna sahib olmasının, diplomatiya aləminə yol açmasının, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsinin məhz onun adı ilə bağlı olduğunu və həmin siyasi xəttin bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Sonra seminarda məruzələr dinlənilib.

AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent  Əlimuxtar Muxtarov “Müasir Azərbaycan dili” mövzusunda çıxış edib. O, Azərbaycan dilinin dünyanın ən zəngin, eyni zamanda geniş ifadə imkanlarına sahib dillərindən oluğunu vurğulayıb. Ə. Muxtarov dilimizin uzaq keçmişdən bu günümüzədək istər klassik, istərsə də müasir formatlarda daim diri, zəngin və çevik xüsusiyyətlər daşıdığını diqqətə çatdırıb.

Ə. Muxtarov ana dilimizin qorunması, inkişafı və dövlət statusunun tam bərqərar edilməsi üçün  tariximizn müxtəlif mərhələlərində həyata keçirilən mühüm sənədlər haqda da məlumat verib.

O, həmçinin ana dilimizin azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı,  gənc nəslin öz doğma dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi, o cümlədən dilçilik elminin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanması məsələləri baxımından Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın, eləcə də 2018-ci il 1 noyabr tarixli  “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanının əhəmiyyətini qeyd edib.

AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin “Nizami irsində sənətşünaslıq” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Təranə Verdiyeva “XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan dilinin saflığının qorunması uğrunda mübarizə” mövzusunda çıxış edib. O, iki əsrin qovşağında millətimizin tərəqqisi naminə çalışmış görkəmli ziyalılarımızın ana dilimizin saflığı, inkişafının sürətləndirilməsi, ifadə imkanlarının yüksəldilməsi yönündə fəaliyyətlərindən söhbət açıb və bu xüsusda onların “Əkinçi”, “Molla Nəsrəddin” və digər bu kimi maarifçi  qəzet və məcmuələrdə millətpərəst mövqeyi haqda ətraflı məlumat verib.

Həmin mərkəzin “Nizaminin elmi-fəlsəfi görüşləri” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru  Xəyalə Hüseynova “Klassik mütəfəkkirlərin yaradıcılığında Azərbaycan dilinin zənginliyi” mövzusunda çıxış edib. O, ədəbiyyat və fikir nəhənglərimizin əsərlərində dilimizin yüksək imkanlarını əks etdirən numunələri təqdim edib.

Seminar qarşılıqlı fikir mübadiləri şəraitində davam edib.

Zakir Muradov, Gəncə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
525.az

1Mənbələr