AZ

Tatarıstanın Xalq artisti: “Qaynana” tamaşasındakı Cənnət xanım kult obrazdır

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 15 aprel, AZƏRTAC

Azərbaycan dramaturqu Məcid Şamxalovun pyesi əsasında tatar rejissor Damir Samerxanovun səhnələşdirdiyi “Qaynana” tamaşası 2019-cu ildən bəri Sabir Amutbayev adına Menzelin Dövlət Tatar Dram Teatrının (Rusiya Federasiyasının Tatarıstan Respublikası) repertuarında yer alır.

Tamaşada qayınana Cənnət xalanın obrazını Tatarıstan Respublikasının Xalq artisti, Menzelin Dövlət Tatar Dram Teatrının aktrisası Razilyə Mullina canlandırır. O, AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Məcid Şamxalovun “Qaynana” əsəri ilə hələ uşaqlıq illərində tanış olub.

Aktrisa deyib: “Mən 1956-cı ildə, sovet dövründə SSRİ xalqlarının ədəbiyyatının geniş şəkildə öyrənildiyi vaxtda anadan olmuşam. İlk dəfə bu əsərin film adaptasiyasına baxmışam və doqquzuncu sinifdə oxuyarkən məktəb dram dərnəyi üçün “Qayınana” tamaşasında Afət rolunu oynamışam. İndi real həyatda özüm də qayınanayam ə bir məqamda bu mövzu mənim üçün maraqlı oldu. Bu, əbədi və həmişə aktual mövzudur. Tamaşadakı Cənnət xanım kult obrazdır. Bu, həm də bir çox mədəniyyətlərə xas olan bir obrazdır. Onun xarakterinin mahiyyətini mənimsəmək və anlamaq üçün müəyyən yaradıcılıq və həyat yolu keçmək lazımdır”, - deyə müsahibimiz vurğulayıb.

O əlavə edib: “Bu tamaşanı rejissor Damir Samerxanova özüm təklif etdim. Əsəri truppa ilə birlikdə yenidən oxuduq. M. Şamxalovun “Qaynana” musiqili komediyasının premyerası 2019-cu il noyabrın 16-da baş tutdu”.

Xalq artistinin sözlərinə görə, material tatar mentalitetinə uyğunlaşdırılıb.

“Amma heç bir köklü dəyişiklik tələb olunmayıb - biz müsəlmanıq və eyni adət-ənənələri bölüşürük. İncəsənətin milliyyəti yoxdur. Teatrımızın repertuarında rus, tatar, başqırd, ingilis və alman dramaturqlarının əsərləri var. Müxtəlif materialların ifa edilməsi sənətkarın yaradıcılıq fəaliyyətinin inkişafı üçün vacibdir. Fərqli millətlərdən olan qonaq rejissorlar da truppamızla işləməkdən zövq alırlar. Biz bir-birimizdən yaradıcılıq enerjisi alırıq”, - deyə Razilyə Mullina qeyd edib.

Müəllif – Anara Axundova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
azertag.az

1Mənbələr