ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Uşaqlarda ünsiyyət çətinlikləri yalnız nitq problemi ilə deyil, davranış və sensor xüsusiyyətlərlə də əlaqəli ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin aparıcı loqopedi Aygün Ələkbərova deyib.
Onun sözlərinə görə, bəzi uşaqlarda əsas problem danışıq deyil, davranış və ünsiyyətdən uzaq durma meylidir:
“Burada əsas problem təkcə nitq deyil, davranışdan qaynaqlanır. Uşaq ünsiyyətə girmək istəmir, bəzən sensor həssaslıqlar səbəbindən də əlaqə qurmaqda çətinlik yaşayır”.
A.Ələkbərova bildirib ki, valideynlərin uşağı məcbur etməsi düzgün yanaşma deyil:
“Valideynlər uşağa ‘de’, ‘söylə’, ‘göstər’ kimi məcburedici yanaşma tətbiq etməməlidir. Bunun əvəzinə düzgün situasiya yaradılmalı və uşaq təbii şəkildə ünsiyyətə yönləndirilməlidir”.
Loqoped vurğulayıb ki, hər uşağa fərdi yanaşma vacibdir:
“Bəzən uşaqda sensor pozuntular olur və bu, ünsiyyətə maneə yaradır. Ona görə də uşaq məcbur edilmir, onun ehtiyaclarına uyğun şərait yaradılır ki, özü ünsiyyətə girsin”.
Mütəxəssis qeyd edib ki, düzgün istiqamətləndirmə və peşəkar dəstək çox önəmlidir:
“Valideynlər mütəxəssislərə güvənməlidir. Əgər loqoped deyirsə ki, bu mərhələdə loqopedik iş uyğun deyil, digər istiqamətlərə - psixopedoqoji dəstəyə, sensor inteqrasiyaya və ya həkim müayinəsinə yönləndirilirsə, buna əməl edilməlidir”.
Onun sözlərinə görə, kompleks yanaşma daha effektiv nəticə verir:
“Bəzən uşaq nevroloq və ya psixiatr müayinəsinə ehtiyac duyur, bəzən isə psixoloq dəstəyi vacib olur. Hətta valideynlərin özlərinin də psixoloji dəstək alması prosesə müsbət təsir göstərir”.
Mütəxəssis əlavə edib ki, düzgün dəstək uşağın inkişafını gücləndirir və ailənin yükünü azaldır.
Zeynəb Rzayeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.