Ermənistanda həbsdə olan rusiyalı iş adamı Samvel Karapetyan Rusiya və Kipr vətəndaşlığından imtina edir. APA-nın xəbərinə görə, Karapetyan Ermənistan vətəndaşlığı istisna olmaqla, bütün digər vətəndaşlıqlardan imtina prosesinə başladığını açıqlayıb. “Güclü Ermənistan” adlı partiya quran Samvel Karapetyan Ermənistanda hakimiyyətə gəlmək istəyir. Seçkidə namizəd olmaq üçün isə Ermənistan qanunları ikili vətəndaşlığı maneə hesab edir. Ona görə də Karapetyan Ermənistan vətəndaşlığı istisna olmaqla digərlərindən imtina edir.
Musavat.com xatırladır ki, erməni milyarder Ruben Vardanyan da Rusiya vətəndaşlığından imtina etmişdi. Onun da məqsədi Ermənistanda hakimiyyətə gəlmək idi. Ancaq nəticə məlumdur. İmtina ona uğursuzluqlar gətirdi. Vardanyanın Ermənistanda hakimiyyətə gəlmək üçün cəhdləri uğursuz oldu. Buna görə də o dövrdə Qarabağdakı separatçı xunta rejiminə qoşuldu. Bu dəfə daha böyük uğursuzluqla üzləşdi- 2023-cü ilin sentyabrında Qarabağda Azərbaycan güc strukturları tərəfindən saxlanıldı. İndi Bakıda cəzaçəkmə müəssisəsində məhkəmənin ona verdiyi 20 illik azadlıqdan məhrum etmə cəzasının günlərini keçirir.
Karapetyanın da barəsində ev dustaqlığı qərarı var. Üstəlik, Kreml lideri Putin baş nazir Paşinyanla görüşdə Rusiya vətəndaş olanlara seçkilərdə iştirak üçün şəait yaradılmasını dilə gətirmişdi. Hökumət başçısı isə qanunvericiliyin buna imkan vermədiyini açıqlamışdı. İndi görünür ki, Karapetyan Rusiya və Kipr vətəndaşlıqlarından imtina etməklə prosesə qoşulur. Moskvanın “düyməni basdığını” söyləmək mümkündür…
Etibar Seyidağa,
Musavat.com