"Financial Times" tərəfindən yayımlanan və sızdırılmış İran hərbi sənədlərinə əsaslandığı bildirilən xəbərə görə, Tehran hökumətinin Çin istehsalı olan casus peyki gizli şəkildə aktivləşdirdiyi iddia edilir.
Xəbərə əsasən, bu peyk Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinin izlənməsi və mümkün hücum hədəflərinin müəyyənləşdirilməsi üçün istifadə olunub.
Çin istehsalı peyk vasitəsilə casusluq şəbəkəsi
İddialara görə, İran “TEE-01B” adlı peyki Çin mərkəzli "Earth Eye Co." şirkəti vasitəsilə orbitə çıxarıb və daha sonra onun idarəsini ələ keçirib.
Peykin daha sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu Hava və Kosmos Qüvvələri tərəfindən hərbi məqsədlərlə istifadə edildiyi bildirilir.
ABŞ bazaları nəzarətə götürülüb
Sözügedən peyk vasitəsilə Səudiyyə Ərəbistanındakı Prens Sultan Hava Bazası başda olmaqla, regiondakı bir çox ABŞ hərbi obyektinin izlənildiyi iddia olunur.
Hesabatda həmçinin İordaniya, Bəhreyn, İraq Kürdüstanı, Küveyt və Cibutidəki ABŞ bazalarının da mütəmadi şəkildə müşahidə edildiyi qeyd edilir.
Strateji obyektlər də izlənilib
Peyk görüntülərinin yalnız hərbi obyektlərlə məhdudlaşmadığı, Körfəz ölkələrindəki enerji infrastrukturu və limanların da nəzarətdə saxlandığı iddia olunur.
Birləşmiş Ərəb Əmirliklərindəki limanlar, Bəhreyndəki sənaye zonaları və enerji obyektlərinin də potensial hədəf siyahısında olduğu bildirilir.