Naxçıvan, 15 aprel, AZƏRTAC
“CyberProAI” olaraq Naxçıvana ilk səfərlərimizdir və belə mötəbər tədbirdə iştirak etmək bizim üçün xüsusi önəm daşıyır. Tədbirə gəlincə, bizim Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə təmsil etdiyimiz ilk tədbir deyil. Artıq 3 ildən çoxdur ki, Azərbaycanda vahid komanda kimi kibermühitin inkişafına töhfə veririk.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlaması zamanı “CyberProAI” şirkətinin regional satış direktoru Shahar Goldenberg deyib.
Onun sözlərinə görə, bu müddət ərzində AZAL, bank, telekommunikasiya və sığorta sektorlarında çalışan əməkdaşlar üçün müxtəlif təlimlər, seminarlar və vörkşoplar təşkil olunub.
“Paralel olaraq ölkədə gələcəyin kibermütəxəssislərinin hazırlanmasına da xüsusi diqqət yetirilir. Son 3 ildə 300-dən çox məzunumuz olub. Onlar hazırda müxtəlif dövlət qurumlarında və özəl sektorda uğurla fəaliyyət göstərirlər”, - Shahar Goldenberg qeyd edib.
Şirkət nümayəndəsi vurğulayıb ki, əsas məqsədləri Azərbaycanı kibertəhlükəsizlik baxımından daha güclü məkana çevirmək və süni intellekt sahəsində inkişafı dəstəkləməkdir.
Müxbir - Nail Əsgərov