Azərbaycanda mina təhlükəsi işğaldan azad edilmiş ərazilərdə hələ də ciddi insan itkisinə səbəb olmaqdadır. Aprelin 14-də növbəti faciə Füzuli rayonunda qeydə alınıb. Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə minaya düşüb və partlayış nəticəsində həyatını itirib.
Hadisə zamanı ANAMA əməkdaşı ərazidə minatəmizləmə əməliyyatlarına cəlb olunmuşdu. Mina partlayışı nəticəsində baş verən faciə onun yerindəcə həlak olması ilə nəticələnib.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin yaydığı məlumatda da qeyd olunub ki, bu hadisə minaların yaratdığı davamlı humanitar təhlükəni və həmin ərazilərdə çalışan insanların hər gün üzləşdiyi həyati riskləri bir daha göstərir. Bildirilib ki, 2020-ci il müharibəsindən sonra indiyədək 422 Azərbaycan vətəndaşı mina qurbanına çevrilib və bu sahədə beynəlxalq dəstəyin artırılmasına ciddi ehtiyac var.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov Musavat.com-a açıqlamasında deyib ki, Azərbaycanda mina təhlükəsi hələ də işğaldan azad edilmiş ərazilərdə ciddi humanitar problem olaraq qalır və hər yeni hadisə bu riskin nə qədər real olduğunu bir daha ortaya qoyur: “Aprelin 14-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində ANAMA əməkdaşının minaya düşərək həyatını itirməsi də bu təhlükənin davam etdiyini göstərən növbəti faciə kimi qeydə alınıb. Mina təhlükəsi fərq qoymur və həm mülki şəxslər, həm də minatəmizləmə ilə məşğul olan əməkdaşlar eyni risklə üz-üzə qalır”.
Onun sözlərinə görə, ANAMA əməkdaşları hər gün işə başlamazdan əvvəl ciddi tibbi yoxlamadan keçirilir, təhlükəsizlik qaydalarına əməl edilir və yalnız bundan sonra əməliyyatlara buraxılırlar: “Buna baxmayaraq, ərazilərdəki yüksək risk səbəbindən bəzən belə ağır hadisələrin qarşısını almaq mümkün olmur. İşğaldan azad edilmiş ərazilərdə minaların yerləşdirilmə forması da təhlükəni daha da artırır. Bəzi sahələrdə tank əleyhinə, bəzi ərazilərdə isə piyada əleyhinə minalar, eləcə də qarışıq tipli mina sahələri mövcuddur. Hətta “sürpriz mina” adlandırılan, gözlənilməz yerlərdə yerləşdirilmiş partlayıcı qurğular da aşkarlanır ki, bu da minatəmizləmə prosesini daha da çətinləşdirir”.
Mütəxəssis vurğulayır ki, konkret hadisə üzrə yekun fikir yalnız araşdırmalardan sonra söylənilə bilər: “ANAMA daxilində hər belə insident ayrıca komissiya tərəfindən təhlil olunur və nəticələr əsasında gələcək əməliyyatlarda təhlükəsizlik tədbirləri gücləndirilir. Mina problemi çox geniş miqyaslıdır və azad edilmiş ərazilərin tam təmizlənməsi uzun zaman tələb edir. Minatəmizləmə işləri həm canlı qüvvə, həm də müasir texnika -robotlaşdırılmış sistemlər, mina axtaran itlər və digər vasitələrlə davam etdirilir. Lakin ərazilərin böyüklüyü və təhlükənin səviyyəsi nəzərə alındıqda, prosesin qısa müddətdə başa çatdırılması real hesab edilmir. Mütəxəssislər əhalini də diqqətli olmağa, təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır və bildirirlər ki, mina təhlükəsi hələ uzun müddət aktual olaraq qalacaq”.
Həmsöhbətimiz deyir ki, beynəlxalq aləmin minaların təmizlənməsində Azərbaycana dəstəyi yetərli deyil: “Azərbaycan beynəlxalq ictimaiyyətdən problemin həlli üçün tələb olunan vəsaitin indiyə kimi 4-5 faizini ala bilmişik. Yerdə qalan 95 faiz işlər isə dövlətimizin öz büdcəsi hesabına görülür. Azərbaycan Minalar Əleyhinə Konvensiyaya qoşulmalıdır. Həmin konvensiyanın üzvü kimi onun 6-cı maddəsinə əsasən beynəlxalq birlikdən daha artıq maliyyə vəsaitini tələb edə bilərik. İndiki məqamda Azərbaycan bu konvensiyaya qoşula bilmir. Lakin onu dəstəkləyir və tələblərini könüllü şəkildə yerinə yetirir. Hətta konvensiyaya üzv dövlətlərdən daha çox iş görür. Hazırda Azərbaycana ayrılan vəsaitlər hansısa ölkələrin bu və ya digər maraqları, yaxud xoşməramlı niyyətləri ilə bağlıdır”.
Şahanə Rəhimli,
Musavat.com