Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycanda səhiyyə sisteminin modernləşdirilməsi və idarəetmənin optimallaşdırılması istiqamətində həyata keçirilən ardıcıl islahatlar yeni mərhələyə qədəm qoyur. Bu kontekstdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) yeni icraçı direktorun təyinatı səhiyyə sektorunda institusional inkişafın dərinləşməsi və idarəetmə effektivliyinin artırılması baxımından mühüm addım kimi dəyərləndirilir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyinin eksperti İsrail Məhərrəmbəyli deyib.
“Son illərdə ölkədə icbari tibbi sığorta sisteminin tətbiqi və genişləndirilməsi səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması və sosial ədalət prinsipinin gücləndirilməsi istiqamətində əsas islahat dayaqlarından birinə çevrilib. Yeni mərhələdə əsas prioritetlərdən biri tibbi xidmətlərdən vətəndaş məmnunluğunun yüksəldilməsidir. Bu istiqamət yalnız xidmətlərin keyfiyyətinin artırılması ilə məhdudlaşmır, həm də sistemin daha operativ, çevik və şəffaf idarə olunmasını nəzərdə tutur. Xəstəyönümlü yanaşmanın gücləndirilməsi səhiyyə sisteminin strateji hədəfi kimi çıxış edir. İslahatların mühüm istiqamətlərindən biri səhiyyə və sosial müdafiə sistemləri arasında institusional koordinasiyanın daha səmərəli təşkili ilə bağlıdır. Bu yanaşma resursların optimallaşdırılması, xidmətlərin daha düzgün planlaşdırılması və vətəndaşlara göstərilən dəstəyin kompleks şəkildə təmin olunmasına xidmət edir”,- deyə İ.Məhərrəmbəyli vurğulayıb.
Ekspertin sözlərinə görə TƏBİB-in səhiyyə sistemində institusional rolunun daha da gücləndirilməsi təkcə struktur dəyişiklikləri deyil, həm də idarəetmə fəlsəfəsində modernləşmə deməkdir. Bu çərçivədə TƏBİB-in səhiyyə sisteminin çağırışlarına operativ reaksiya vermək qabiliyyətinin artırılması, regional tibbi xidmətlərin koordinasiyasının gücləndirilməsi və klinik xidmət standartlarının yüksəldilməsi əsas istiqamətlər kimi çıxış edir.
“Ümumilikdə, TƏBİB-də həyata keçirilən institusional dəyişikliklər Azərbaycan səhiyyə sisteminin daha dayanıqlı, müasir və effektiv modelə keçidini sürətləndirir. Bu proses həm idarəetmədə şəffaflığın artırılmasına, həm də vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsinə xidmət edir. Yeni təyinat və paralel aparılan islahatlar ölkənin səhiyyə sistemində strateji transformasiyanın davam etdiyini göstərir və bu transformasiya uzunmüddətli dövrdə ictimai rifahın yüksəldilməsinə mühüm töhfə verəcək”,- deyə İ.Məhərrəmbəyli əlavə edib.