AZ

Mübariz Göyüşlü: "Azərbaycan hər hansı hakimiyyəti deyil, sülhü və insanları dəstəkləyir"- ÖZƏL

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, İran xalqı ABŞ və İsrailə qarşı müqavimət zamanı göstərilən beynəlxalq həmrəyliyi yüksək qiymətləndirir. O qeyd edib ki, bir sıra ölkələr, o cümlədən Azərbaycan da bu dəstəyi ifadə edənlər sırasındadır və İran xalqı bunu unutmayacaq.
Azərbaycanın bu məsələdə adı çəkilməsi regionda siyasi münasibətlərə necə təsir göstərə bilər? İranın beynəlxalq dəstəyə bu cür vurğu etməsi qlobal siyasi balans baxımından hansı mesajları verir?
Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
"Qeyd etmək istərdim ki, Azərbaycan bu məsələdə hər hansı bir siyasi hakimiyyəti dəstəkləmir. Azərbaycan bu kontekstdə sülhü, sabitliyi və atəşkəsin təmin olunmasını dəstəkləyir. Azərbaycanın mövqeyi daha çox humanitar xarakter daşıyır. Məlumdur ki, hərbi əməliyyatlar zamanı ən çox zərər çəkən tərəf sadə insanlardır, xalqdır, İran xalqıdır. Bu baxımdan, xüsusilə İran xalqı bu prosesdən ciddi şəkildə təsirlənir və Azərbaycan da məhz onlara dəstəyini və həmrəyliyini göstərir. Yəni Azərbaycanın məqsədi hansısa tərəfi siyasi baxımdan müdafiə etmək deyil-nə İran dövlətinin tərəfində yer almaq, nə də ona qarşı olan digər tərəfləri dəstəkləmək ölkənin prioritetinə daxil deyil. İran daxilində və ya beynəlxalq mediada Azərbaycanın bu addımları müəyyən siyasi dəstək kimi təqdim oluna bilər. Lakin bu, daha çox media yanaşmasıdır və Azərbaycanın rəsmi mövqeyini tam əks etdirmir.
Ümumilikdə vəziyyət ondan ibarətdir ki, Azərbaycan xalqın yanındadır, sülhün və atəşkəsin tərəfdarıdır, problemin diplomatik yollarla həllini dəstəkləyir. Göstərilən humanitar yardım da məhz bu prinsiplərə əsaslanır və birbaşa olaraq insanlara yönəlib. Azərbaycan konkret dövlətlər arasında gedən siyasi və hərbi qarşıdurmalarda iştirak etmir və bu cür proseslərə qoşulmağı öz siyasətinin bir hissəsi hesab etmir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr