
Hindistan Yaxın Şərqdəki müharibənin səbəb olduğu qlobal iqtisadi sarsıntılar fonunda enerji təhlükəsizliyini təmin etmək və təchizat zəncirlərini qorumaq məqsədilə 2020-ci ildən bəri ilk dəfə özünü təminetmə strategiyasına yenidən baxır.
AFN.az "The Economic Times" qəzetinin məlumatına görə, Hindistanın Baş naziri Narendra Modi hökumətə ölkənin "Atmanirbhar Bharat" ("Özünə yetən Hindistan") adlı milli inkişaf strategiyasını yenidən nəzərdən keçirməyi, həmçinin idxalın azaldılması üçün qısamüddətli və uzunmüddətli planlar hazırlamağı tapşırıb. Yenilənmiş strategiyada əsas diqqət iqtisadiyyatın struktur dayanıqlığının artırılmasına yönəldiləcək. Bu çərçivədə xaricdən xam neft və təbii qaz alışını azaltmaq üçün təmiz enerji potensialının genişləndirilməsi, atom elektrik stansiyalarında və yerli qalıq yanacaqla işləyən stansiyalarda elektrik enerjisi istehsalının artırılması nəzərdə tutulur.
Strategiyanın hazırlanmasına hökumətin Təhlükəsizlik Komitəsi nəzarət edəcək. Komitəyə həmçinin Yaxın Şərqdəki münaqişənin və Hörmüz boğazındakı vəziyyətin Hindistan iqtisadiyyatına təsirlərini qiymətləndirmək tapşırılıb.
Qeyd olunur ki, Hindistan hakimiyyəti ciddi kənar təzyiqlər və yaranmış şərait səbəbindən "Atmanirbhar Bharat" strategiyasına ilk dəfədir ki, yenidən baxmaq məcburiyyətində qalıb. Xatırladaq ki, bu proqram 2020-ci ilin mayında COVID-19 pandemiyasının iqtisadi fəsadlarına cavab olaraq, idxaldan asılılığı azaltmaq və əhalini zəruri mallarla təmin etmək məqsədilə elan edilmişdi.