AZ

İndi də bu VİRUS gəlir – Uşaqlara TƏHLÜKƏ...

Dünyanın bir neçə ölkəsində COVID-19 koronavirus infeksiyasının qeyri-rəsmi olaraq "Tsikada" (BA.3.2) adlandırılan yeni variantı yayılmaqdadır. Məlumata görə, artıq ABŞ, Böyük Britaniya və Avstraliya da daxil olmaqla 20-dən çox ölkədə yoluxma halları qeydə alınıb.

Mütəxəssislər bu variantın xüsusiyyətlərini və yayılmasını araşdırmağa davam edirlər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edir ki, uşaqlar xüsusilə risk altında ola bilərlər, baxmayaraq ki, "Tsikada"nın digər ştamlardan daha təhlükəli olduğuna dair hələlik heç bir dəlil yoxdur. Simptomlar tanış olaraq qalır: qızdırma, öskürək, boğaz ağrısı, burun tıxanıqlığı, əzələ ağrıları, halsızlıq, nəfəs darlığı və ishal.

"Tsikada"nın genetik xüsusiyyətləri əvvəlki ştamlardan, o cümlədən "Omikron"dan fərqlənir. Bu da onu daha yoluxucu hala gətirə bilər. Köhnə peyvəndlərin effektivliyi azala bilsə də, mütəxəssislər peyvəndlərin və gigiyenanın gözlənilməsi etibarlı qorunma üsulu olaraq qaldığını qeyd edirlər...

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi-nin açıqladığı məlumatlara görə, BA.3.2 variantı artıq ən azı 25 ştatda qeydə alınıb. Bu isə virusun yalnız lokal deyil, daha geniş coğrafiyada yayılmağa başladığını göstərir və mümkün yeni epidemioloji dalğanın ilkin mərhələsi kimi qiymətləndirilə bilər. Eyni zamanda, Avropanın bəzi ölkələrində də bu variantın aşkarlanmasına dair ilkin məlumatların yayılması qlobal səviyyədə yenidən koordinasiyalı tədbirlərin gündəmə gələ biləcəyini göstərir.

Mütəxəssislər bildirirlər ki, yeni variantların ortaya çıxması virusların təbii təkamül prosesinin bir hissəsidir və hər mutasiya mütləq şəkildə daha təhlükəli olmur. Bununla belə, immun sistemindən yayınma qabiliyyəti olan variantlar xüsusi diqqət tələb edir. Çünki bu xüsusiyyət yoluxmanın sürətlənməsinə, səhiyyə sistemlərinə əlavə yük düşməsinə və bəzi hallarda məhdudlaşdırıcı tədbirlərin yenidən tətbiqinə səbəb ola bilər.

Hazırda BA.3.2 variantının klinik gedişata təsiri, ölüm göstəricilərinə mümkün təsiri və mövcud vaksinlərin bu varianta qarşı effektivliyi ilə bağlı yekun elmi nəticələr hələ tam şəkildə açıqlanmayıb.

media-inshot_20251222_193843608

Pediatr Gülşən Əliyeva mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Əslində, belə bir reallıq var ki, viruslar zaman keçdikcə zəifləyir və bu, xüsusilə COVID-19 virusunda da müşahidə olunur. İlk dövrlərlə müqayisədə virusun yaratdığı ölüm halları və ağırlaşmalar xeyli azalıb. Artıq COVID-19 əvvəlki qədər təhlükəli və güclü təsirə malik deyil, nəzərəçarpacaq dərəcədə zəifləyib.

Bu baxımdan yaxın gələcəkdə COVID-19 ştamlarının yeni və ciddi dalğanın yaradacağı, genişmiqyaslı yoluxmaların baş verəcəyi real görünmür. Açığı, yeni variantlarla bağlı konkret məlumatım yoxdur və bu barədə hər hansı ciddi xəbər də eşitməmişəm. Ümumilikdə isə, qanunauyğun olaraq viruslar illər keçdikcə öz təsir gücünü itirir. Bəzi hallarda yeni variantlar ortaya çıxa bilər, lakin COVID-19-un yenidən əvvəlki kimi geniş yayılıb ciddi fəsadlar törətməsi ehtimalı hazırkı şəraitdə real görünmür”.

Afaq Mirayiq,
Musavat.com

 

Seçilən
11
1
musavat.com

2Mənbələr