AZ

İnsan ehtiyaclarına yönəlmiş səhiyyə modeli ŞƏRH

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 15 aprel, AZƏRTAC

Səhiyyə sahəsində davamlı islahatların aparılması dövlətimizin əhalinin sosial müdafiəsinə yönəlmiş siyasətinin tərkib hissəsidir. İdarəçilikdə optimallaşma, eyni növdən xidmət strukturlarının birləşdirilməsi vətəndaşların operativ, keyfiyyətli və səmərəli xidmətlər əldə etməsinə hesablanıb. “Tibbi sığorta haqqında” qanuna əsasən, icbari tibbi sığorta əhalinin sosial müdafiə formasıdır və dövlət sosial sığortasının tərkib hissəsidir. Tibbi və sosial sığorta üzrə qurumların birləşdirilməsi də bu müddəanı doğrulayır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, TƏBİB-də həyata keçirilən islahatlar vətəndaş məmnunluğunun artırılmasına hədəflənir və bu qurumun səhiyyə sisteminin çağırışlarına operativ uyğunlaşdırılması nəzərdə tutulur. İnsanların ehtiyaclarına yönələn tibbi xidmət modeli müasir səhiyyə sisteminin çağırışlarından biridir. Bu model səhiyyənin sadəcə struktur dəyişikliyi deyil, düşüncə tərzinin dəyişməsidir. “Əvvəllər tibbi sistemin mərkəzində xəstəlik dayanırdı. Həkim diaqnoz qoyur, müalicə təyin edir və proses bununla məhdudlaşırdı. Lakin zaman keçdikcə aydın oldu ki, insanı yalnız xəstəlik prizmasından qiymətləndirmək kifayət etmir. Hər bir fərdin həyatı, psixoloji durumu, sosial mühiti və gündəlik vərdişləri onun sağlamlığına birbaşa təsir göstərir. Bu yanaşmanın formalaşmasında müasir dövrün reallıqları da mühüm rol oynayıb. Xroniki xəstəliklərin artması, insanların daha uzun ömür sürməsi və həyat keyfiyyətinə verilən önəmin yüksəlməsi səhiyyədən daha çevik və fərdiləşdirilmiş yanaşma tələb edir. Artıq məqsəd yalnız xəstəliyi aradan qaldırmaq deyil, insanın ümumi rifahını qorumaq və yaxşılaşdırmaqdır. Səhiyyə sahəsində son islahatlar məhz rifahın yaxşılaşdırılmasına xidmət edəcək.

Pərvanə Vəliyeva rəqəmsal texnologiyaların inkişafının səhiyyə sistemində daha da sürətləndirilməli olduğuna diqqət çəkib: “Elektron reseptlər, onlayn məsləhətlər və tibbi məlumatların, tarixçənin vahid sistemdə toplanması həm həkimlərin işini asanlaşdırır, həm pasiyentlərin xidmətlərə çıxışını genişləndirir, həm də səhiyyə xərcləri və ehtiyaclar barədə proqnozlaşdırma aparmağa imkan verir. Beləliklə, tibbi xidmət daha əlçatan, şəffaf və effektiv olur. Dəyişikliklər asan baş vermir. Hər bir islahata uyğunlaşma zaman alır. Cəmiyyətin bu dəyişiklikləri qəbul etməsi müəyyən zaman və resurs tələb edir. Lakin buna baxmayaraq, istiqamət aydındır: səhiyyə sistemi insan üçün mövcuddur və onun ehtiyaclarına uyğun formalaşmalıdır. Bu, insanların mərkəzdə olduğu, daha humanist və daha səmərəli bir sistemə doğru atılan mühüm addımdır”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
2
azertag.az

3Mənbələr