Macarıstanda parlament seçkilərində qalib gələn “Tisza” partiyasının lideri Peter Madyar bildirib ki, gələcək hökuməti baş nazirin səlahiyyət müddətini iki dördillik dövrlə məhdudlaşdırmaq üçün konstitusiya islahatı həyata keçirəcək.
Bizim.Media xəbər verir ki, bu yenilik vəzifədən gedən baş nazir Viktor Orbanın yenidən hakimiyyətə qayıtmaq imkanını aradan qaldıracaq.
Qeyd edək ki, Viktor Orban 16 il ərzində baş nazir postunu tutub.
Madyarın sözlərinə görə, prezident Tamaş Şuyokla görüşdə ölkə Konstitusiyasına prezidentin səlahiyyətlərinin genişləndirilməsi və dövlət başçısının birbaşa seçilməsi ilə bağlı dəyişikliklər də müzakirə olunub. Hazırda Macarıstan prezidentini parlament seçir.
“Biz hüququn aliliyini, plüralist demokratiyanı və əks-çəki mexanizmlərini bərpa etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə “Tisza” lideri bildirib.
Bununla yanaşı, Madyar demokratik institutların bərpası üçün sistemli islahatlar aparacağına da söz verib. İlk addımlar sırasında korrupsiyaya qarşı mübarizə və milli aktivlərin qorunması yer alacaq.
Bizim.Media