AZ

“3+3" platforması çətin sınaq qarşısında: Gürcüstan imtinası və Rusiya-İran faktoru – ÖZƏL

Cənubi Qafqazda təhlükəsizlik və iqtisadi inteqrasiyanı hədəfləyən "3+3" əməkdaşlıq platforması ciddi çağırışlarla üz-üzədir. Region ölkələri ilə böyük güclərin maraqlarının toqquşması, xüsusilə Gürcüstanın Rusiya ilə olan ərazi münaqişəsi səbəbindən formatda iştirakdan imtinası modelin tamlığını pozur. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmaması, həmçinin İran ətrafındakı gərginlik və qlobal güclərin rəqabəti platformanın effektivliyini azaldan əsas risk faktorları kimi çıxış edir.

"Təbii ki, Gürcüstanın "3+3" formatında iştirak etməməsi bu platformada müəyyən natamamlıq görüntüsü yaradır. Çünki Cənubi Qafqazın önəmli dövlətlərindən biri olan Gürcüstan Rusiyanın iştirak etdiyi heç bir platformaya qoşulmamaq barədə qərar qəbul edib və bu mövqeni "3+3" formatına münasibətdə də qoruyur. Nəticədə, regionun problemlərinin müzakirəsi zamanı Gürcüstanın mövqeyi ifadə olunmamış qalır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, bu isə ümumilikdə regional problemlərin nizamlanması prosesində müəyyən çatışmazlıqlara səbəb olur. Digər tərəfdən, region ətrafı ölkələr, yəni "3+3" formatında iştirak edən Rusiya, İran və Türkiyənin bu platformadakı fəaliyyəti ilə bağlı da son dövrlərdə müəyyən problemlər müşahidə olunur. Belə ki, Rusiya və İran daha çox ortaq maraqlar çərçivəsində Cənubi Qafqaza nəzarət uğrunda mübarizəni ön plana çıxarır, region ölkələrinin maraqlarına isə kifayət qədər əhəmiyyət vermirlər. Bu amil birbaşa olaraq Cənubi Qafqazın gələcəyi ilə bağlı qəbul ediləcək qərarlara təsir göstərə biləcək faktorlardan biridir. Mövcud vəziyyət onu deməyə əsas verir ki, Rusiya və İran hazırda region üçün əsas problemlər sırasında yer alır. Bütün bunlar isə "3+3" formatının qarşısında kifayət qədər ciddi çətinliklərin olduğunu göstərir.

Ekspert qeyd edib ki, Cənubi Qafqazda geosiyasi, geostrateji və geoiqtisadi proseslərə artıq ABŞ də fəal şəkildə qoşulmağa başlayıb. Xüsusilə "TRIPP" layihəsinin reallaşdırılması ABŞ-ni regionun əsas geosiyasi oyunçularından birinə çevirə bilər. Artıq bu layihə ilə bağlı Ermənistan və ABŞ arasında hüquqi bazanın formalaşdırılması prosesi intensivləşib və yekun mərhələyə yaxınlaşır. Bu baxımdan hesab etmək olar ki, əgər "TRIPP" layihəsi həyata keçirilərsə, "3+3" formatı çərçivəsində Cənubi Qafqaz problemlərinin müzakirəsi müəyyən dərəcədə aktuallığını itirə bilər. Çünki söhbət regionun gələcəyini birbaşa dəyişə biləcək strateji layihədən - Zəngəzur dəhlizindən gedir.

"Bu layihə Cənubi Qafqazda yeni situasiya, yeni qaydalar və yeni şərtlər formalaşdırmaq potensialına malikdir. Əgər reallaşarsa, regionda yeni inkişaf mərhələsinin başlanmasına zəmin yarada bilər. Belə bir mərhələdə isə Rusiya və İranın iştirakı ya ümumiyyətlə mümkün olmayacaq, ya da çox məhdud çərçivədə qalacaq. Bütün bunları nəzərə alaraq demək olar ki, hazırda Cənubi Qafqazın gələcəyi böyük ölçüdə Zəngəzur dəhlizi ətrafında baş verən proseslərdən asılıdır", - deyə ekspert vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr