Ekspert Mimmi MakKord bildirib ki, qida borusu xərçəngi uzun müddət hiss olunmaya bilər, çünki çox vaxt yalnız ürək yanması ilə müşayiət olunur və bu simptom adətən zərərsiz sayılır.
Ölkə.az xəbər verir ki, bu barədə o, "Daily Mail" nəşrinə açıqlamasında deyib.
O qeyd edib ki, bir çox insan illərlə ürək yanması ilə yaşayır və bunu sadəcə qidaya reaksiyadan yaranan adi hal kimi qəbul edir, narahatlığı isə dərmanlarla aradan qaldırmağa çalışır. Lakin davamlı turşu reflüksü qida borusunda dəyişikliklərlə əlaqəli ola bilər və ciddi xəstəliklər, o cümlədən xərçəng riskini artıra bilər.
Ekspertin sözlərinə görə, uzunmüddətli turşu reflüksü fonunda Barrett qida borusu kimi xərçəngöncəsi vəziyyət də yarana bilər.
O vurğulayıb ki, əgər ürək yanması və ya reflüks üç həftədən çox davam edirsə, mütləq həkimə müraciət etmək lazımdır və özbaşına müalicə ilə məşğul olmaq düzgün deyil.
Həmidə İbrahimova