AZ

Oftalmologiyada yeni üfüqlər açan alim ŞƏRH

ain.az, Ses qazeti saytına istinadən bildirir.

Akademik Zərifə xanım Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, yalnız peşəkar oftalmoloq alim kimi deyil, həm də yüksək mənəvi keyfiyyətləri ilə seçilən ziyalı kimi cəmiyyətin hörmətini qazanmışdır.

Zərifə xanım Əliyeva 1923-cü ildə anadan olmuş, gənc yaşlarından elmə və təhsilə böyük maraq göstərmişdir. O, tibb sahəsində ixtisaslaşaraq oftalmologiya üzrə dərin biliklər əldə etmiş, bu istiqamətdə uzun illər səmərəli fəaliyyət göstərmişdir. Onun elmi tədqiqatları əsasən görmə orqanlarının peşə ilə bağlı xəstəliklərinin öyrənilməsinə həsr olunmuşdur.

Zərifə xanım Əliyeva elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı.

Zərifə xanım Əliyeva traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu respublikamızda geniş tətbiq olundu və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynadı.

Zərifə xanım Əliyevanın oftalmoloq-alim kimi diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tuturdu. O, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Zərifə xanım Əliyeva bu sahənin ilk tədqiqatçısı olub. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək "Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti" mövzusunda doktorluq dissertasiyası yazıb. 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib.

Bu sahədə əldə etdiyi nəticələr təkcə Azərbaycanda deyil, beynəlxalq səviyyədə də yüksək qiymətləndirilmişdir.

Zərifə xanım Əliyeva eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olmuş, gənc həkimlərin yetişməsində mühüm rol oynamışdır. Onun rəhbərliyi ilə formalaşan elmi məktəb bu gün də uğurla davam etdirilir. Alimin əsərləri oftalmologiya sahəsində mühüm elmi mənbələrdən biri hesab olunur.

Onun fəaliyyəti yalnız elmlə məhdudlaşmamış, insanlara qayğı və diqqət prinsipi həyatının əsas amallarından olmuşdur. Zərifə xanım Əliyeva öz peşəsinə böyük sevgi ilə yanaşaraq minlərlə insanın sağlamlığının qorunmasına töhfə vermişdir.

Zərifə xanım Əliyevanın həyat yolu Azərbaycan qadınının elm, zəhmət və fədakarlıq nümunəsi kimi bu gün də örnək göstərilir. Onun zəngin irsi gələcək nəsillər üçün dəyərli bir məktəb olaraq yaşayır və daim xatırlanır.

Turac İbrahimova

YAP Kəngərli rayon təşkilatının fəalı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
sesqazeti.az

1Mənbələr