AZ

“Tesla”dan FSD istifadəçiləri üçün yeni mobil həll  

“Tesla” şirkəti tam özüidarəetmə texnologiyası (Full Self-Driving) üçün interfeysi köklü şəkildə yeniləyir. Bu yenilik sürücülərə avtopilotun iş rejimini və effektivliyini daha dərindən təhlil etmək imkanı verəcəyini vəd edir.

Yeni sistemdə sürücüləri maraqlı statistik göstəricilər gözləyir. Xüsusilə sistemin fasiləsiz işlədilməsini izləyən “streak” (ardıcıllıq) funksiyası, günlük fəallıq cədvəlləri və hərəkət detalları tətbiqdə əks olunacaq. “Tesla” bu üsulla, yəni oyun elementlərindən (gamification) istifadə edərək, malik olduğu texnologiyanın daha tez-tez aktivləşdirilməsinə nail olmaq istəyir.

Bundan əlavə, FSD paketinin abunəlik prosesi də xeyli sadələşəcək. Əvvəllər bir neçə mərhələdən ibarət olan qoşulma proseduru artıq “tək kliklə” həyata keçiriləcək. Lakin bir məhdudiyyət var: bu imkanlardan yalnız 2023-cü ildən sonra buraxılan və HW4 (A14 çipi) avadanlığı ilə təchiz olunmuş nəqliyyat vasitələri yararlana biləcək.

Yadda saxlamaq lazımdır ki, bu funksiya hələ də tam avtonomluq vəd etmir. Sürücü hər an müdaxiləyə hazır olmalıdır. İlon Maskın məqsədi isə “Tesla”nı sadəcə maşın zavodu deyil, qlobal bir süni intellekt nəhənginə çevirməkdir. Şirkət 2035-ci ilə qədər abunəçi sayını 10 milyona çatdırmağı planlaşdırır. Hazırda bir çox ölkələrdə (Şimali Amerika, bəzi Asiya və Okeaniya ölkələri) tətbiq edilən bu sistemə son olaraq Niderland tənzimləyicisi tərəfindən də yaşıl işıq yandırılıb.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
28
azerbaijan-news.az

1Mənbələr