Azxeber.com saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Son dövrlərdə valideynlər arasında narahatlıq doğuran əsas məsələlərdən biri uşaqların "yox” sözünü qəbul etməməsi ilə bağlıdır. Bəzi uşaqlar sərhəd və qaydaları nəzərə almadan yalnız öz istəklərinə uyğun davranmağa üstünlük verirlər. Bu tendensiya isə ailədaxili münasibətlərdə gərginliyə səbəb olmaqla yanaşı, uşaqların davranış və tərbiyə prosesinə də ciddi təsir göstərir.
Psixoloq Nabat Mirzəyeva AZXEBER.COM-a açıqlamasında deyib ki, "yox” sözünü qəbul etməyən uşaq pisdir anlayışı düz deyil:
""Yox” sözünü qəbul etməmək uşağın pis olması anlamına gəlmir. Bu, daha çox tərbiyə üsulundan və mühitdən asılıdır.
Bu problemin təməli ailədən başlayır və səbəblərdən biri sərhədlərin düzgün qoyulmamasıdır. Yəni əgər uşağa kiçik yaşlarından etibarən ağlamasın deyə, hər istədiyi verilirsə, zamanla həmin uşaq "yox” sözünü qəbul etməkdə çətinlik çəkəcək. Uşaq üçün "yox” tanış olmayan bir anlayışa çevrilir”.
Psixoloq qeyd edib ki, belə uşaqlar daha aqressiv olur:
"Hər istədiyini etmək uşağın emosional tənzimləmə bacarıqlarını zəiflədir. "Yox” sözünü az eşidən və onu qəbul etməyən uşaq real həyatda qarşılaşdığı məhdudiyyətlərə daha çox aqressiya və ya inadkarlıqla reaksiya verə bilər. İndiki dövrdə vəziyyət daha da mürəkkəbləşib. Əvvəlki dövrlərdə uşağa mühitin və valideynlərin təsiri var idisə, indi bu, üç faktorlu olub. Uşaqlara valideynlər və mühitlə yanaşı rəqəmsal aləm də təsir göstərir. Sosial şəbəkələrin, rəqəmsal mühitin, oynadıqları oyunların, telefonda keçirdikləri vaxt ərzində gördüklərinin də təsiri çox böyükdür”.
O bildirib ki, normal şəkildə istifadə olunan "yox” uşağa zərər vermir:
"Biz unutmamalıyıq ki, övladlarımıza "yox” dediyimiz zaman onları incitmirik. Normal, balanslı şəkildə istifadə olunan "yox” uşağa zərər vermir. Niyə "yox” dediyimizi izah etdiyimiz zaman uşaq onu daha asan qəbul edir. Uşağı tədricən "yox” sözünə alışdıraraq gələcək həyatında inadkarlığının qarşısını ala bilərik. Çünki uşaqlıq və yeniyetməlik dövründə də "yox”u az eşidən uşaqlar daha aqressiv, daha qəzəbli, stresli olurlar və ətrafındakı insanlarla münaqişəyə meyilli olurlar. Psixoloji baxımdan uşağa "yox” demək onun inkişafı üçün vacibdir”.
Şahanə Ziyad
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.