AZ

Çexiyada yanacaq qiymətlərinə dövlət nəzarəti

Çexiyada Deputatlar Palatası hökumətə benzin və dizel yanacağının qiymətlərini tənzimləmək səlahiyyəti verən qanun layihəsini təsdiqləyib. 

“Seznam Zpravi” portalının məlumatına görə, qanun layihəsi hələ Senatın müzakirəsindən keçməli və Prezident tərəfindən imzalanmalıdır. Əgər Qanun qəbul edilərsə, hökumət may ayından etibarən yanacaq bazarında fövqəladə vəziyyət yaranacağı halda qiymətlərə müdaxilə edə biləcək. 

Yeni qaydalara əsasən, hökumət minimum və ya sabit qiymət müəyyən edə bilməyəcək, lakin maksimum qiymət həddi tətbiq etmək hüququna sahib olacaq. Bu tədbir ilkin olaraq 12 ay müddətinə nəzərdə tutulur, lakin zərurət yaranarsa müddət uzadıla bilər.

Qanun layihəsi Yaxın Şərqdəki gərginlik fonunda dünya bazarlarında neft və yanacaq qiymətlərinin sürətlə artmasına cavab olaraq hazırlanıb. Səsvermədə 89 deputatı qanun layihəsinin lehinə, 68 deputat isə əleyhinə səs verib.

Ölkənin maliyyə naziri Alena Şillerova bu addımı bazarda mümkün böhrana qarşı vacib müdafiə vasitəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, dünya bazarlarında vəziyyət sabitləşsə belə, bu, istehlakçılar üçün qiymətlərin dərhal enəcəyi anlamına gəlmir.

Müxalifət isə qanunu sərt tənqid edib. Nümayəndələr bunu “sosializmə və mərkəzi planlaşdırmaya dönüş” adlandırıblar. Onların fikrincə, hökumətin bazara müdaxiləsi yanacaq çatışmazlığına və əlavə problemlərə səbəb ola bilər.

Ekspertlər bildirirlər ki, yanacaq qiymətlərindəki artım artıq ölkədə inflyasiyaya da təsir göstərib. Fevral ayında 1,4 faiz olan illik inflyasiya mart ayında 1,9 faizə yüksəlib.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
19
azerbaijan-news.az

1Mənbələr