Azərbaycanda sənaye sektorunda 2026-cı ilin yanvar - mart aylarında ümumi məhsul istehsalı 14,9 milyard manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,2 faiz artım deməkdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, sənayenin müxtəlif sahələrində müsbət dinamika müşahidə olunub. Xüsusilə emal sənayesində bir sıra istiqamətlər üzrə artım qeydə alınıb. Belə ki, avtomobil, qoşqu və yarımqoşquların istehsalı, əczaçılıq məhsullarının hazırlanması, maşın və avadanlıqların quraşdırılması və təmiri, elektrik avadanlıqlarının istehsalı, eləcə də toxuculuq sənayesi sahələrində istehsal həcmi yüksəlib.
Qeyd olunur ki, bu artım sənayenin şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi kimi qiymətləndirilir. Eyni zamanda, müasir texnologiyaların tətbiqi və istehsal infrastrukturunun yenilənməsi də sənaye sektorunda məhsuldarlığın artmasına müsbət təsir göstərir.
Mütəxəssislər hesab edirlər ki, mövcud tendensiya ilin növbəti aylarında da davam edərsə, sənaye sektorunun ümumi iqtisadi artıma töhfəsi daha da güclənəcək.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”