AZ

Vəhşi heyvanlar şəhər həyatına sürətlə uyğunlaşır

Alimlər yeni araşdırmada vəhşi heyvanların şəhər mühitinə təəccüblü şəkildə uyğunlaşdığını müəyyən ediblər. Mütəxəssislərin fikrincə, şəhərlərdə yaşayan heyvanlar zaman keçdikcə daha cəsarətli və insanlara yaxın davranışlar nümayiş etdirirlər. Məsələn, Yeni Dehlidə meymunlar insanların yeməyini boşqabdan oğurlayır, Nyu-Yorkda dələlər eyni davranışı göstərir, Sidneydə isə ağ ibislər zibil və yemək qalıqları ilə qidalandıqları üçün “zibil toyuqları” adlandırılır.

Araşdırmaya görə, dünyanın müxtəlif şəhərlərində yaşayan heyvanlar oxşar davranışlar inkişaf etdirirlər. Bu proses alimlər tərəfindən “davranış homogenləşməsi” adlandırılır. Şəhərlərin səs-küylü, işıqlı və insan təsirinin güclü olması heyvanların davranışlarını dəyişir. Şəhər quşları səs-küyə uyğunlaşmaq üçün daha yüksək səslə və daha erkən saatlarda oxumağa başlayırlar. Alimlərin sözlərinə görə, bu dəyişikliklər heyvanların sağ qalmasına kömək etsə də, davranış və genetik müxtəlifliyin azalması gələcəkdə onların təbiətdə yaşamaq imkanlarını çətinləşdirə bilər.

Ekspertlər hesab edirlər ki, bu dəyişikliklərin öyrənilməsi həm vəhşi təbiətin qorunması, həm də gələcək şəhərsalma planları üçün böyük əhəmiyyət daşıyır.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
24
azerbaijan-news.az

1Mənbələr