AZ

AYNA bir dayanacaqla gündəlik 20 mindən artıq sərnişinin daşınmasını necə təşkil edir? EKSPERT RƏYİ VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Sosial şəbəkələrdə “20 Yanvar” metrosu yaxınlığında baş verənlər bəzi suallar ortaya çıxarıb. Dayanacaqdan vaxtaşırı istifadə edən vətəndaşlar ərazidə yaranan sıxlıq və ictimai nəqliyyatdan istifadənin fərdi avtomobillərin çoxluğu səbəbilə mümkünsüz olduğunu qeyd edirlər. Ərazidə Masazır və Xırdalan qəsəbəsinə müştəri səsləyən taksilərin dayanması vətəndaşların avtobuslara minməsinə maneə yaradır. Dayanacaqdan eyni zamanda bir neçə istiqamətə, avtovağzala, Xırdalan və Sumqayıt şəhərlərinə, Masazır və Saray qəsəbələrinə avtobuslar hərəkət edir. Bu səbəbdən həm avtobusların dayanacağa çatması, həm də dayanacaqdan çıxıb qeyd edilən istiqamətlərdə hərəkətində problemlər yaranır. Vətəndaşlar yaranan vəziyyətin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsini istəyir.

Məsələ ilə əlaqədar Avtosfer.az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İctimai nəqliyyat şöbəsinin müdiri Emin Hacıyev bildirib ki, dayanacaqdan 24 fərqli marşrut keçir.

“Gün ərzində 343 avtobus bu nöqtəyə toxunur. Maksimum isə 6 avtobus dayanacağa daxil ola bilir.  Sərnişin məmnuniyyəti üçün marşrutların əksəriyyəti 20 Yanvar istiqamətinə hesablanıb. Rəqəmlər daha təəccüblüdür: Gün sonuna qədər bu dayanacaq 2000-dən çox avtobus qəbul edir.

Rəqəmlər böyük olsa da, məkan dardır. Mövcud səki infrastrukturunun darlığı burada müasir və geniş gözləmə dayanacağı, HUB yaratmaq mümkün deyil”.

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, “20 Yanvar” metrosunun ətrafında nəqliyyatın tənzimlənməsi ağır prosesdir:

“Çünki uzun illər əksər marşrutlar məhz həmin istiqamətə yönəldilib. Bakıətrafı qəsəbələrə, Sumqayıt istiqamətinə, hətta “manatlıq” taksilər, qanuni, ya da qanunsuz fəaliyyət göstərən bütün daşıyıcılar məhz bu ərazidən keçməyə maraq göstərib. Buna səbəb metronun əsas sərnişin axınının məhz “20 Yanvar” stansiyası ilə bağlı olmasıdır. Dövlət qurumları tərəfindən bir ideya irəli sürüldü ki, “Avtovağzal” stansiyası açılsın və şəhərin sıxlıq hissəsindəki yük azalsın və “Avtovağzal”a yönəlsin. Ancaq təəssüf ki, bəzi vətəndaşlar “Avtovağzal” stansiyasına getmək istəmir. Bəziləri bəhanə edir, bəzilərinin isə iradları haqlıdır. Çünki “Avtovağzal” stansiyasından avtobusların dayandığı eyrə qədər bir az məsafə qət etməli olurlar. Gərək avtobusların dayandığı yerə də metronun bir çıxışı olsun ki, insanlar məsafə qət etməli olmasın. İndiki vaxtda insanlar çox rahat mexanizm istəyirlər. Bu məsələni isə çox qısa müddətdə həll etmək mümkün deyil. Həll edilsə belə, daimi olması mümkün deyil. Sözügedən ərazidə isə AYNA tərəfindən nə mümkündürsə edilib”.

Mütəxəssislərin fikrincə isə, səkilərin darlığı sərnişin platformasının genişləndirilməsinə imkan vermir. Dayanacaq sayını süni şəkildə artırmaq mümkün deyil, çünki bu, yolun həm girişində, həm də çıxışında avtobusların bir-birini bloklamasına və zəncirvari tıxaca səbəb olur. Şimal qapısında coğrafi və tikinti məhdudiyyətləri alternativ yolların açılmasını çətinləşdirir. Ona görə də qeyd edilən dayancaq sadə şəhərdaxili dayanacağa çevrilməlidir. Şəhərlərarası daşımalar “Avtovağzal” metrosundan təşkil edilməlidir.

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
avtosfer.az

1Mənbələr