Arıqlamaq üçün istifadə edilən məşhur preparat, çəki itkisindən asılı olmayaraq qaraciyərin vəziyyətini yaxşılaşdıra bilər. Lunenfeld-Tanenbaum Elmi-Tədqiqat İnstitutunun alimləri bu qənaətə gəliblər.
Ölkə.Az xəbər verir ki, tədqiqatın nəticələri "Cell Metabolism" jurnalında dərc olunub.
Söhbət diabet və piylənmə zamanı geniş istifadə olunan "GLP-1" qrupuna aid semaqlutid ("Ozempik" və s.) preparatından gedir. Əvvəllər hesab olunurdu ki, bu dərmanın qaraciyərə müsbət təsiri məhz çəki itirmə ilə bağlıdır. Lakin yeni araşdırma göstərib ki, preparat birbaşa qaraciyər hüceyrələrinə təsir edir.
Alimlər müəyyən ediblər ki, semaqlutid qaraciyərin daxilindəki xüsusi hüceyrələrlə qarşılıqlı əlaqəyə girərək iltihabəleyhinə molekulların istehsalını işə salır. Bu, qaraciyərin piylənməsi xəstəliyində əsas proseslər hesab olunan iltihabın azalmasına və çapıq toxumasının (fibroz) inkişafının ləngiməsinə kömək edir.
Müəlliflərin sözlərinə görə, bu kəşf sözügedən preparatların təsir mexanizmi haqqında təsəvvürləri dəyişir. Bu yenilik müalicə prosesinə də təsir edə bilər: qaraciyərin vəziyyətini hətta minimum çəki itkisi ilə yaxşılaşdırmaq mümkündür ki, bu da daha aşağı dozalardan istifadə etməyə və yan təsirlərin riskini azaltmağa imkan verəcək.