AZ

 Oğuzda sahibkarlıq mühiti müzakirə olundu: yeni imkanlar və inkişaf yolları

Regionların iqtisadi dirçəlişində sahibkarlığın rolu getdikcə daha qabarıq hiss olunur. Bu baxımdan Oğuz rayonunda keçirilən növbəti görüş dövlət dəstəyi ilə biznesin inkişafı istiqamətində atılan addımların real təzahürü kimi diqqət çəkdi.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan tədbirdə kənd təsərrüfatı, tikinti, ictimai iaşə, turizm və digər sahələrdə fəaliyyət göstərən 50-yə yaxın sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri bir araya gəldi. Görüşün əsas məqsədi sahibkarları mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırmaq, eyni zamanda onların ehtiyac və təkliflərini öyrənmək idi.

Tədbirdə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov regionda sahibkarlığın inkişafı üçün yaradılan imkanlardan bəhs etdilər. Bildirildi ki, kənd təsərrüfatı məhsullarının emalının genişləndirilməsi, sahələrarası əməkdaşlığın gücləndirilməsi, logistika və xidmət infrastrukturunun inkişafı iqtisadi aktivliyi artıran əsas amillərdəndir.

Eyni zamanda, sahibkarların kooperasiya imkanlarından daha geniş istifadə etməsi, rəqəmsal alətlərin tətbiqi və innovativ yanaşmaların təşviqi regionda biznes mühitini daha da canlandıra bilər. Oğuzun zəngin təbii resursları isə aqroturizmin inkişafı üçün geniş perspektivlər açır. Dövlət dəstək mexanizmlərindən səmərəli istifadə olunması bu potensialın reallaşdırılmasında mühüm rol oynaya bilər.

Görüş çərçivəsində sahibkarlarla açıq fikir mübadiləsi aparıldı, onların qarşılaşdığı çətinliklər və gələcək planları dinlənildi. Bu cür platformalar regionlarda dayanıqlı iqtisadi inkişafın təmin olunması və sahibkarlıq mühitinin daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Seçilən
18
azerbaijan-news.az

1Mənbələr