AZ

Paşinyan getsə nə dəyişəcək? ŞƏRH

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Ermənistanda 2026-cı il parlament seçkiləri ölkənin siyasi gələcəyi baxımından həlledici mərhələ kimi qiymətləndirilir. Baş nazir Nikol Paşinyan üçün bu seçkilər həm daxili legitimlik, həm də ictimai etimadın yenidən ölçülməsi deməkdir. Son illərdə baş verən regional proseslər və təhlükəsizlik dəyişiklikləri seçki mühitinə birbaşa təsir göstərir. Cəmiyyətdə mövcud olan siyasi qütbləşmə və iqtisadi narazılıqlar kampaniyanın əsas istiqamətlərini formalaşdırır. Nəticə isə təkcə Ermənistanın deyil, bütövlükdə Cənubi Qafqazın gələcək siyasi balansı üçün mühüm rol oynaya bilər.Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Demokrat.az-a bildirib ki, Ermənistanda keçiriləcək növbəti parlament seçkilərinin nəticələri müşahidələrə görə hazırkı situasiyada qeyri-müəyyən xarakter daşıyır:"Çünki ictimai rəy sorğularına inansaq, təkbaşına seçkilərdə qalib gələrək yeni hökumət formalaşdırmaq imkanı olan demək olar ki, heç bir siyasi qüvvə yoxdur. Düzdür, Paşinyanın partiyası hələ də liderlik edir, ancaq onun dəstəyi 25 faizdən çox deyil, digərlərinin göstəriciləri isə bundan da aşağıdır. Yəni Nikol Pashinyan rəhbərlik etdiyi hakimiyyət hazırda ictimai rəy sorğularında öndədir. Lakin bu vəziyyət seçki nəticələri sorğulara uyğun gələrsə belə, hökumət formalaşdırmaq üçün yetərli olmaya bilər. Çünki parlamentdə çoxluq əldə etmək üçün 50 faizdən çox səs toplamaq tələb olunur. Bu da Paşinyan hakimiyyəti üçün ciddi problemdir".O bildirib ki, Ermənistandakı seçkilərdə artıq Rusiyanın təsirinin artdığı müşahidə olunur:"Rusiyanın dəstəklədiyi bəzi siyasi fiqurların fəallaşdığı, o cümlədən biznesmen Samvel Karapetyanın siyasi proseslərdə daha aktiv rol almağa çalışdığı qeyd edilir. Rusiyanın dəstəyini və Ermənistanda mövcud təsir imkanlarını nəzərə aldıqda, bu qüvvələrin Paşinyan hakimiyyəti üçün ciddi rəqabət yarada biləcəyi ehtimal olunur. Bununla belə, ümumi nəticələr əsasən qərar verməmiş seçici kütləsinin mövqeyindən asılı olacaq və buna görə də vəziyyət hələlik qeyri-müəyyəndir.Paşinyan hakimiyyəti üçün bu seçkilərin əvvəlkilərə nisbətən daha çətin və daha gərgin siyasi mübarizə şəraitində keçəcəyi gözlənilir. Digər tərəfdən, onun mümkün məğlubiyyəti Cənubi Qafqazdakı geosiyasi proseslərə də birbaşa təsir göstərə bilər. Əgər Rusiyanın təsirinə yaxın qüvvələr hakimiyyətə gələrsə, bu, regiondakı balansı dəyişə bilər".Politoloq deyib ki, hazırda “TRIPP” kimi təqdim olunan Zəngəzur dəhlizi layihəsi Cənubi Qafqazın gələcək geosiyasi arxitekturasında mühüm rol oynayır. "Əgər bu layihə reallaşarsa, regionda yeni inkişaf mərhələsinin başlanması ehtimalı yüksələ bilər. Lakin bu prosesə qarşı olan qüvvələrin, xüsusilə Rusiyanın, layihənin qarşısını almağa çalışa biləcəyi də istisna edilmir. Ümumi olaraq, Nikol Paşinyan hakimiyyətinin qalib gəlməsi Ermənistanın Qərbə yaxınlaşma və Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində irəliləməsinə şərait yarada bilər. Əks halda, Ermənistanın yenidən Rusiya təsir dairəsinə daha çox yaxınlaşması ehtimalı gündəmə gələ bilər və bu da Cənubi Qafqazdakı geosiyasi proseslərə ciddi təsir göstərə bilər".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
demokrat.az

1Mənbələr