AZ

Paytaxtdaxili hərəkət yenidən tənzimlənir

Bakı meqalayihəsinin iqtisadi və sosial hədəfləri

“Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na uyğun olaraq, paytaxtın mərkəzi hissəsində piyada infrastrukturunun əsaslı şəkildə genişləndirilməsi, eləcə də rahat və müasir hərəkət mühitinin yaradılması, şəhər mərkəzində fasiləsiz marşrutların formalaşdırılması nəzərdə tutulur. Bütün bunlarla yanaşı, paytaxtın mərkəzi ərazilərindəki küçə və prospektlərdə nəqliyyat vasitələrinin sürət həddinin saatda 50 kilometrə qədər endirilməsi, yağmurlu və küləkli hava şəraitində isə magistral yollarda sürətin 20 km/saat aşağı salınması da planlaşdırılır. Bu dəyişikliklər fonunda  Bakıda  yol təhlükəsizliyinin artması və tıxacların azalması kimi problemlərin aradan qalxması  gözlənilir.     

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun bildirdiyinə görə, Bakı şəhərinin Baş planı çərçivəsində həyata keçiriləcək genişmiqyaslı yenidənqurma və söküntü prosesi təkcə tikinti sektoru üçün deyil, bütünlüklə, ölkə iqtisadiyyatı və şəhər idarəetmə modeli baxımından dönüş nöqtəsi hesab oluna bilər.

100 min binaya yeni həyat

Planlaşdırılan layihənin miqyası kifayət qədər böyükdür. Paytaxt üzrə 100 mindən artıq binanın ya sökülməsi, ya da ­rekons­truksiya edilməsi nəzərdə tutulur. Bu isə, əslində, şəhər mühitinin strukturunun yenidən formalaşdırılması deməkdir. Mütəxəssislərin yanaşmasına görə, bütün binaların tam sökülməsi iqtisadi və sosial baxımdan səmərəli deyil. Buna görə də istifadəyə yararlı binaların gücləndirilməsi, eləcə də görünüş cəhətdən təmirli və qəzalı, habelə istismar müddətini başa vurmuş tikililərin tam sökülməsi müəyyənləşdirilib. 

Memar Abdul Qəniyev bildirir ki, 2040-cı ilə qədər davam edəcək tikinti prosesi mərhələli şəkildə həyata keçiriləcək. Birinci mərhələdə (2030-cu ilə qədər), əsasən, qəzalı 10-12 min bina söküləcək, ikinci mərhələdə (2030-2040-cı illər) daha geniş rekonstruksiya və şəhər yenilənməsi reallaşdırılacaq, nəhayət, sonuncu mərhələdə isə şəhərin tam balanslaşdırılması öz həllini tapacaq. Artıq bəzi ərazilərdə söküntü işlərinə başlanılması prosesi kağız üzərindən real icra mərhələsinə keçib. 

Belə bir genişmiqyaslı layihənin gerçəkləşdirilməsi üçün ciddi maliyyə resursları tələb olunduğundan tikinti prosesi dövlət büdcəsi, dövlət-özəl tərəfdaşlığı, tam özəl investisiyalar kimi müxtəlif modellərin tətbiqi ilə gerçəkləşdiriləcək. Bu zaman investor seçimi və maliyyə mənbələrinin məhdudluğu səbəbindən proses sürətli deyil, mərhələli şəkildə irəliləyəcək. Bu isə bazarda tikinti qiymətlərinə, torpaq dəyərinə və daşınmaz əmlak sektoruna uzunmüddətli təsir göstərəcək.

Memarın sözlərinə görə, Baş planın əsas prinsiplərindən biri nəqliyyat infrastrukturunun yenilənməsidir. Bu çərçivədə magistral yolların genişləndirilməsi, yeni metro stansiyalarının tikintisi, tramvay xətlərinin bərpası və ya yaradılması prioritet istiqamətlər kimi diqqət çəkir. Dünya təcrübəsi də göstərir ki, meqapolislərdə tıxac probleminin həlli yalnız yol genişləndirməsi ilə həllini tapmır. Məsələn, London və Paris kimi şəhərlərdə ictimai nəqliyyatın payının artırılması əsas prioritet kimi çıxış edir. Bakıda da oxşar yanaşmanın tətbiqi nəqliyyat yükünün balanslaşdırılmasına xidmət edə bilər.

“Yaşıl şəhər” və ekoloji dönüş

Yeni layihələrdə tikintinin aparılması ilə bərabər, ekoloji amillər də əsas yer tutur. Bu baxımdan plan çərçivəsində yeni parkların və yaşıllıq zonalarının salınması, ictimai istirahət məkanlarının yaradılması, alternativ enerji mənbələrinin işə salınması da mühüm önəm daşıyır. Mütəxəssislərin qənaətincə, belə bir yanaşmaya üstünlük verildiyi təqdirdə Bakının tədricən “beton şəhər”dən “yaşıl şəhər”ə  keçidi sürətlənə bilər. Bildirilir ki, məhz Sinqapur şəhəri də  urban yaşıllaşdırma siyasəti ilə dünyanın ən yüksək ekoloji səviyyəli paytaxtlarından  birinə çevrilib.

Meqapolislərin əsas problemlərindən biri də həddindən artıq əhali sıxlığıdır. Bakı da bu baxımdan istisna deyil. Yeni Baş planda da məhz bu məsələ – mərkəzdə sıxlığın azaldılması, şəhərin kənar zonalara balanslı genişlənməsi və yeni yaşayış massivlərinin yaradılması hədəfləri qarşıya əsas prioritetlər kimi qoyulur. Bu yanaşma İstanbul və Seul kimi şəhərlərdə tətbiq olunan “çoxmərkəzli şəhər” modelinə uyğun gəlir.  

Bakıda yenidənqurma prosesinin məqsədi təkcə köhnə binaları sökmək deyil. Burada əsas hədəf vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması, sosial infrastrukturun (məktəb, xəstəxana, ictimai xidmətlər) inkişaf etdirilməsi,  təhlükəsiz və rahat şəhər mühitinin yaradılması, ənənəvi iş proseslərinin, eləcə də idarəetmənin rəqəmsal texnologiyalar vasitəsilə köklü şəkildə dəyişdirilməsidir.  Bu baxımdan ekspertlər tərəfindən layihə həm də sosial rifah proqramı kimi qiymətləndirilir.   

Qeyd edək ki, sözügedən layihənin həyata keçiriləcəyi ərazilər sırasında Yasamal, Nəsimi və Nərimanov rayonları xüsusi yer tutur. Bununla yanaşı, mərkəzə yaxın, plansız və sıx tikilmiş məhəllələrdə də genişmiqyaslı dəyişikliklər gözlənilir. Layihənin uğurunu isə bir sıra amillərin şərtləndirəcəyi bildirilir. Eyni zamanda,  bu məsələdə maliyyə resurslarının davamlı olması, investor marağının qorunması, əhalinin köçürülməsi prosesində  sosial ədalətin diqqət mərkəzində saxlanılması, şəhərsalma qərarlarının şəffaflığına xüsusi önəm verilməsi kimi prinsiplərin önə çəkilməsi zəruriliyi vurğulanır, əks halda isə layihənin uzunmüddətli gecikmələrlə üzləşə biləcəyi deyilir. 

Beləliklə, paytaxtın yenidən qurulması layihəsi genişmiqyaslı tikinti proqramının icrası olmaqla bərabər, həm də şəhərin gələcək inkişaf modelinin formalaşdırılmasıdır. Əgər planlaşdırılan layihələr ardıcıl və balanslı şəkildə həyata keçirilərsə, Bakı regionun ən müasir və dayanıqlı meqapolislərindən birinə çevrilə bilər. Bu proses isə yalnız fiziki məkanın deyil, həm də iqtisadi strukturun, sosial münasibətlərin və şəhər mədəniyyətinin yenilənməsi deməkdir.   

Mövcud qiymətləndirmələr göstərir ki, Bakı şəhərində yaşayış fondunun əhəmiyyətli hissəsi köhnəlmiş tikililərdən ibarətdir. Hesablamalara görə,  bu cür binalarının 30-35 faizi sovet dövründə inşa olunub, onun çox  hissəsi nəzərdə tutulan istismar müddətini artıq başa vurub, paytaxt üzrə bəzi mərkəzi rayonlarda əhali sıxlığı normadan 2-3 dəfə yüksəkdir. Fərdi yaşayış evlərinin bir hissəsi isə plansız və nəzərdə tutulan normalara uyğun gəlməyən şəkildə tikilib.

Belə bir statistika yenidənqurma prosesi zamanı genişmiqyaslı söküntü və tikinti prosesinin həyata keçiriləcəyini göstərir. Bu isə layihənin tikinti sektoruna investisiyaları artıracağını, xarici investorlar üçün yeni imkanlar yaradacağını deməyə əsas verir. Bu baxımdan Bakı bazarının regionda daha cəlb­edici mərkəzlərdən birinə çevriləcəyi proqnozlaşdırılır.   

Yenidənqurma prosesinin ən həssas tərəfi isə vətəndaşların köçürülməsi və kompensasiyası ilə bağlıdır. Beynəlxalq təcrübəyə əsasən, bu prosesin düzgün idarə olunması  ciddi sosial narazılıqların qarşısının alınmasını şərtləndirir. Bu məsələdə ən səmərəli model bərabər dəyər prinsipinin qorunmasıdır. Başqa sözlə, sakinlərə əvvəlki yaşayış sahələrinə bərabər tutulan, onu hər hansı bir cəhətdən əvəz edə bilən, dəyərcə bərabər olan mənzillərə bazar qiyməti əsasında maliyyə kompensasiyası  verilməsidir. Sakinlərin tikinti dövründə müvəqqəti  yerləşdirilməsi, kirayə xərclərinin qarşılanması, alternativ yaşayış sahələri ilə təmin olunması  da vacib şərtlər sırasında yer alır. 

Sonda xatırlatmaq yerinə düşər ki, Bakı şəhərinin 2040-cı ilədək olan  dövrünü əhatə edən və dayanıqlı inkişaf, tarixi irsin qorunması və “yaşıl enerji”yə keçid kimi mühüm prinsipləri özündə birləşdirən, eləcə də paytaxt ərazilərinin nizamlı inkişaf prioritetlərini müəyyənləşdirən Baş plan uzunmüddətli, strateji və konseptual bir sənəddir.   

Baş planda Bakının inkişaf konsepsiyası 4 prioritetə – şəhərin dayanıqlı inkişafı, ətraf mühitin regenerasiyası, paytaxtın tarixi memarlıq siması, tarixi irsin qorunması və bu ərazidə yeni şəhər iqtisadiyyatının yaradılmasına əsaslanır. Sənədin təməl prinsiplərindən biri şəhərin dayanıqlı və tarazlı inkişafının gerçəkləşdirilməsidir. Bu prinsipin həyata keçirilməsi üçün paytaxtın çoxmərkəzli inkişafı əsas prioritetdir. Əsas məqsəd isə mərkəzdəki yükün (sıxlığın) digər regional mərkəzlərə yönləndirilməsi ilə Bakının bütün ərazilərinin dayanıqlı, tarazlı inkişafını təmin etməkdir.  

Rauf AĞAMİRZƏYEV,
nəqliyyat eksperti 

“Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na əsasən, yaxın perspektivdə şəhər mərkəzində daha təhlükəsiz, daha rahat və daha müasir paytaxt mühiti yaratmaq məqsədilə genişmiqyaslı dəyişikliklər planlaşdırılır. Bunlara piyada infrastrukturunun genişləndirilməsi, sürət limitlərinin azaldılması və avtomobilsiz yeni məkanların yaradılması daxildir.

Baş planda əsas məqsədlərdən biri də 2027-ci ilə qədər paytaxtda hərtərəfli piyada şəbəkəsinin yaradılmasıdır. Başqa sözlə, bu, Bakının  mərkəzi hissəsində təkcə yeni səkilərin tikintisi deyil, həm də şəhər mühitinin hərtərəfli yenilənməsi, ənənəvi iş proseslərinin, idarəetmənin və ya strukturların rəqəmsal texnologiyalar vasitəsilə köklü şəkildə dəyişdirilməsi, mövcud sahədə səmərəliliyin artırılması  prosesidir.

Bu dəyişikliklərin bir hissəsi kimi, şəhər mərkəzində maksimum sürət həddinin 50 km/saata endirilməsi planlaşdırılır. Bu isə yol-nəqliyyat hadisələri sayının azalacağı və piyada təhlükəsizliyinin artacağı anlamına gəlir. Bundan əlavə, piyada zonasının cənuba doğru genişləndirilməsi nəzərdə tutulur. Mövcud məhdud piyada zonalarının daha geniş və daha davamlı marşrut şəbəkəsinə inteqrasiya olunacağı da gözlənilir.

Yenidənqurma dövründə xüsusi diqqət şəhərin tarixi ərazilərindən birinə – Neftçilər prospektinin şimalına və Bülbül prospektinin qərbinə yönəldilir. Bu ərazinin avtomobilsiz “sakit zona”ya çevrilməsi planlaşdırılır, eyni zamanda, burada nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılacağı və piyadalara üstünlük veriləcəyi nəzərdə tutulur.  

Onu da qeyd edim ki, piyada zonasının şəhərin digər mərkəzi əraziləri ilə daha geniş şəkildə inteqrasiyası planlaşdırılır. Sözügedən Baş planda, eyni zamanda, müxtəlif nöqtələr arasında əlavə avtomobilsiz hissələr yaradılacağı və bitişik küçələrin minimum sürət həddinin aşağı salınması ilə piyadalar üçün “sakit küçələrə” çevriləcəyi qeyd edilir. Bununla bərabər, yerli küçələrdə sürət həddinin saatda 30 kilometr ilə məhdudlaşdırılacağı, əsas küçələr üçün yeni piyada keçidlərinin planlaşdırıldığı və mövcud olanların optimallaşdırılacağı da bildirilir.  

Vaqif BAYRAMOV
XQ

Seçilən
16
xalqqazeti.az

1Mənbələr