Müsahibimiz Azərbaycan Qiymətləndiricilər Palatasının sədr müavini Günay İsmayılqızıdır
Azərbaycan Respublikasında dövlət idarəetməsində rəqəmsallaşma son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Xüsusilə Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar bu sahənin artıq strateji prioritet kimi müəyyən olunduğunu göstərir. Bu yanaşma yalnız texnoloji yenilənməni deyil, bütövlükdə idarəetmə sisteminin daha çevik, şəffaf və vətəndaşyönümlü modelə keçidini təmin edir.
Bu kontekstdə rəqəmsallaşmanın qiymətləndirmə sahəsinə təsiri və bu istiqamətdə aparılan institusional işlər xüsusi diqqət mərkəzindədir.
– Son dövrlərdə qiymətləndirmə sahəsində rəqəmsallaşma istiqamətində hansı işlər görülür?
– Hazırda qiymətləndirmə sahəsində rəqəmsallaşma istiqamətində çox ciddi və sistemli işlər həyata keçirilir. Xüsusilə vurğulamaq istərdim ki, Qiymətləndiricilər Palatası tərəfindən dövlət qurumları ilə mütəmadi və məqsədyönlü rəsmi yazışmalar aparılır. Bu yazışmaların əsas məqsədi qiymətləndirmə fəaliyyətinin tam elektron formata keçirilməsini təmin etməkdir. Qarşıya qoyulan əsas hədəf kağız daşıyıcıların minimuma, perspektivdə isə sıfıra endirilməsidir.
Artıq qiymətləndirmə sifarişlərinin qəbulu, icrası və nəticələrin təqdim olunmasının tam rəqəmsal platformalar üzərindən həyata keçirilməsi istiqamətində intensiv işlər gedir.
– Sözügedən proses qiymətləndirmə fəaliyyətində hansı keyfiyyət dəyişikliklərinə səbəb olacaq?
– Tam rəqəmsallaşma qiymətləndirmə fəaliyyətində fundamental dəyişikliklərə səbəb olacaq. Bu dəyişikliklər, ilk növbədə, vahid elektron platformanın yaradılması ilə özünü göstərəcək. Bütün sifarişlərin və hesabatların mərkəzləşdirilmiş sistemdə toplanması proseslərin daha səmərəli idarə olunmasına imkan verəcək.
Rəqəmsal mühitdə qiymətləndirmə proseslərinin izlənilə bilən olması hər bir mərhələnin şəffaf şəkildə monitorinqini təmin edəcək. Bu isə həm nəzarət mexanizmlərini gücləndirəcək, həm də ümumi etibarlılığı artıracaq. Eyni zamanda, standartlaşma prosesi sürətlənəcək, qiymətləndirmə metodlarının vahid sistem əsasında tətbiqi təmin olunacaq.
Operativlik və dəqiqlik də rəqəmsallaşmanın əsas üstünlüklərindən biri kimi önə çıxır. İnsan faktorundan qaynaqlanan gecikmələr və səhvlər minimuma enəcək, proseslər daha sürətli və dəqiq icra olunacaq.
– Bələdiyyə torpaqlarının qiymətləndirilməsi və sənədsiz tikililər məsələsində rəqəmsallaşmanın rolu nədən ibarətdir?
– Bu məsələ xüsusi aktuallıq kəsb edir. Ölkədə mövcud olan sənədsiz tikililər problemi uzun müddətdir ki, həm vətəndaşlar, həm də dövlət üçün müəyyən çətinliklər yaradır. Bu tikililərin böyük hissəsinin bələdiyyə torpaqları üzərində yerləşməsi isə məsələni daha da mürəkkəbləşdirir. Rəqəmsallaşma bu istiqamətdə əsas həll alətlərindən biri kimi çıxış edir.
Elektron xəritələşdirmə, məlumat bazalarının inteqrasiyası və avtomatlaşdırılmış qiymətləndirmə sistemlərinin tətbiqi bir sıra mühüm üstünlüklər yaradır. Bu yanaşma sayəsində torpaq sahələrinin dəqiq identifikasiyası mümkün olur, tikililərin real vəziyyəti obyektiv şəkildə qiymətləndirilir. Sənədləşmə prosesləri sürətlənir və sadələşir ki, bu da ümumi idarəetmə səmərəliliyini artırır. Rəqəmsal alətlərin tətbiqi məlumatların daha operativ emalına və daha etibarlı nəticələrin əldə olunmasına imkan verir. Bu proseslər həm vətəndaşların hüquqlarının daha effektiv təmin olunmasına, həm də dövlət uçot sisteminin dəqiqləşdirilməsinə xidmət edir.
– Qiymətləndiricilərin bu prosesdə rolu və məsuliyyəti necə dəyişir?
– Yeni mərhələdə qiymətləndiricilərin rolu daha da artır. Onlar artıq yalnız qiymət müəyyən edən mütəxəssis deyil, həm də rəqəmsal sistemlər üzərində işləyən, analitik yanaşma tətbiq edən peşəkarlar kimi çıxış edəcəklər. Xüsusilə nəzərə almaq lazımdır ki, dövlət tərəfindən qiymətləndirmə fəaliyyətinə göstərilən etimad və gözlənti kifayət qədər yüksəkdir. Bu isə qiymətləndiricilərin üzərinə həm peşəkar, həm də mənəvi məsuliyyət qoyur. Bu məsuliyyətin əsas mahiyyəti ondan ibarətdir ki, proseslər obyektiv və peşə etikası çərçivəsində həyata keçirilsin və peşənin nüfuzu qorunsun.
– Rəqəmsallaşma ümumilikdə dövlət idarəetməsinə hansı yenilikləri və sıçrayışları gətirəcək?
– Rəqəmsallaşma dövlət idarəetməsində keyfiyyətcə yeni mərhələnin əsasını qoyur. Bu proses yalnız modernləşmə ilə yekunlaşmır, eyni zamanda, idarəetmə sistemində sıçrayış effekti yaradır və bir sıra istiqamətlər üzrə özünü aydın şəkildə göstərir. İlk olaraq, məlumat əsaslı idarəetmə prinsipi güclənir. Qərarların qəbulu artıq real statistik göstəricilər və analitik təhlillər əsasında həyata keçirilir ki, bu da idarəetmədə dəqiqliyi və effektivliyi artırır. Bununla yanaşı, inteqrasiya olunmuş sistemlərin tətbiqi dövlət qurumları arasında əlaqəni yeni səviyyəyə qaldırır. Məlumat mübadiləsinin sürətlənməsi idarəetmədə çevikliyi təmin edir və vaxt itkilərini minimuma endirir. Rəqəmsallaşma, həmçinin obyektivlik və hesabatlılıq mexanizmlərini gücləndirir. Proseslərin izlənilə və ölçülə bilən olması şəffaflığı artırır, ictimai nəzarət imkanlarını genişləndirir.
Eyni zamanda, vətəndaş mərkəzli xidmət modelinin inkişafı diqqət mərkəzinə keçir. Dövlət xidmətləri daha əlçatan, operativ və rahat formaya salınır. Bu da vətəndaş məmnuniyyətini yüksəldir. Bu yanaşma dövlətlə vətəndaş arasında münasibətləri yeni keyfiyyət müstəvisinə çıxararaq daha müasir və effektiv idarəetmə modelinin formalaşmasına zəmin yaradır.
– Dövlət qurumları üçün bu transformasiyanın əsas faydaları nələrdir?
– Dövlət qurumları üçün rəqəmsallaşma resursların daha səmərəli idarə olunması iş yükünün optimallaşdırılması, qərarvermə sürətinin artırılması, korrupsiya risklərinin azaldılması, kimi mühüm üstünlüklər yaradır. Eyni zamanda, bu proses dövlət aparatının çevikliyini artırır və onu müasir çağırışlara daha uyğun edir.
– Sonda bu proseslə bağlı əsas mesaj nədir?
– Əsas mesaj ondan ibarətdir ki, rəqəmsallaşma artıq gələcəyin deyil, bu günün reallığıdır. Azərbaycan bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirir və bu siyasət dövlət idarəetməsinin bütün sahələrində, o cümlədən qiymətləndirmə sektorunda öz real nəticələrini verməkdədir. Əminliklə demək olar ki, bu yanaşma nəticəsində həm dövlətin institusional gücü artacaq, həm də vətəndaş məmnuniyyəti daha yüksək səviyyəyə çatacaq.
Söhbəti qələmə aldı:
Musa BAĞIRLI
XQ