Güclülər daha güclü olacaq
Qlobal iqtisadiyyatın nəbzini tutan əsas amillərdən biri olan enerji bazarları yenidən qeyri-müəyyənlik burulğanına daxil olub. Dünya Bankının prezidenti Ajay Banganın son açıqlamaları bu gərginliyin miqyasını daha aydın şəkildə ortaya qoyur. Onun fikrincə, ABŞ–İsrail əməliyyatı fonunda formalaşan yeni geosiyasi reallıq neft bazarına təsirsiz ötüşməyəcək və aprel ayı martla müqayisədə daha mürəkkəb sınaqlarla yadda qala bilər.
Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Vaşinqtonda keçirilən yaz iclasları çərçivəsində səsləndirilən fikirlər qlobal iqtisadiyyat üçün bir xəbərdarlıq siqnalıdır. Prezident Banga diqqəti xüsusilə Yaxın Şərqdə artan gərginliyə yönəldərək qeyd edir ki, mart ayında nisbətən sabit görünən mənzərə artıq dəyişmək üzrədir. Onun vurğuladığı mühüm məqam ondan ibarətdir ki, mart ayında dənizdə daşınan neft yüklərinin böyük hissəsi artıq təyinat nöqtələrinə çatıb və həmin dövrdə Hörmüz boğazı üzərindən əlavə ciddi təzyiq müşahidə olunmayıb. Lakin aprel ayına keçidlə birlikdə bu strateji marşrut üzərində risklərin artması ehtimalı yüksəlir. Bu isə qlobal bazarlarda qiymət dalğalanmalarını qaçılmaz edir.
Əslində, enerji bazarları çox vaxt siyasi gərginliklərin ən həssas göstəricisinə çevrilir. Yaxın Şərqdə baş verən hər bir hadisə, xüsusilə də əsas nəqliyyat arteriyalarından biri olan Hörmüz boğazında mümkün risklər neftin qiymətinə birbaşa təsir göstərir. Banga da məhz bu incə məqama toxunaraq bildirir ki, bazar müəyyən riskləri artıq qiymətlərdə əks etdirsə də, tam mənzərə hələ də qeyri-müəyyən olaraq qalır.
Bu qeyri-müəyyənlik isə təkcə enerji sektorunu deyil, eyni zamanda, inflyasiya, ticarət balansı və iqtisadi artım tempinə də təsir etmək gücünə malikdir. Aprel ayı bu baxımdan qlobal iqtisadiyyat üçün bir növ sınaq mərhələsinə çevrilə bilər.
Ümumiyyətlə, enerji bazarlarında dalğalanmaların artdığı bir dövrdə, hər bir ölkə və hər bir iqtisadi sistem bu dəyişkənliyə hazır olmalıdır. Aprel ayı isə bu hazırlığın nə dərəcədə yetərli olduğunu ortaya qoyacaq. Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondunun son hesabatı da göstərir ki, 2026-cı il enerji daşıyıcılarının qiymətləri baxımından sistemli sarsıntıların başlanğıcı kimi tarixə düşə bilər. Bu dəfə artımın səbəbi adi bazar dinamikası deyil – hasilat və daşınma zəncirində yaranan qırılmaların yığılmış təsiridir.
Proqnozlara görə, enerji xammalının qiyməti il ərzində orta hesabla 19 faiz yüksələcək. Bu göstərici ötən ilin payızında səsləndirilən azalma gözləntiləri ilə kəskin ziddiyyət təşkil edir və bazar iştirakçıları üçün yeni reallığın formalaşdığını açıq şəkildə nümayiş etdirir. Neft bazarında isə artım daha qabarıq hiss olunacaq – qiymətlərin 21,4 faiz yüksələcəyi, bir barelin orta dəyərinin isə təxminən 82 dollar səviyyəsində qərarlaşacağı gözlənilir. Bu rəqəmlərin arxasında isə yenə də geosiyasi gərginliyin mərkəzinə çevrilmiş Yaxın Şərq dayanır.
Enerji xəritəsində daha dramatik dəyişiklik isə təbii qaz sektorunda gözlənilir. BVF-nin qiymətləndirməsinə görə, qaz qiymətləri neftdən də sürətlə yüksələcək. Bunun səbəbi hasilatın bərpasının ləng getməsi və ehtiyatların məhdud olmasıdır. Xüsusilə Avropa və Asiya bazarlarında qazın qiymətinin 160 faizə qədər artması ehtimalı enerji təhlükəsizliyi məsələsini yenidən gündəliyin ən həssas mövzusuna çevirir.
Lakin əsas narahatlıq doğuran məqam ssenarilərin sərtləşmə ehtimalıdır. Əlverişsiz variantda neft qiymətləri 2026-cı ilin ikinci rübündən başlayaraq 80 faizə qədər sıçrayaraq ilin ortalamasında 100 dollara yaxınlaşa bilər. Daha sonra müəyyən korrektə baş versə də, 2027-ci ildə belə qiymətlər baza səviyyəsindən xeyli yüksək qalacaq. Bu, qlobal inflyasiya təzyiqlərinin uzunmüddətli xarakter alacağına işarədir.
Strateji risklər də mövcuddur. Bu halda neft qiymətləri, faktiki olaraq, ikiqat artaraq 110–125 dollar diapazonuna yüksələ bilər. Qaz bazarında isə artımın 200 faizə çatması ehtimalı dünya iqtisadiyyatının dayanıqlılığına ciddi suallar doğurur. Belə bir mənzərə sənaye istehsalından tutmuş gündəlik istehlaka qədər bütün zəncirə təsir göstərəcək genişmiqyaslı enerji şokunun konturlarını cızır.
Qeyd edək ki, mövcud vəziyyəti nəzərə alaraq Azərbaycan da enerji siyasətində əsaslı manevrlər edir. Qlobal enerji bazarlarında qeyri-müəyyənliklərin artdığı bir dövrdə ölkəmizin neft sektoru sabitlik nümayiş etdirən nadir istiqamətlərdən biri kimi diqqət çəkir. Beynəlxalq Enerji Agentliyinin aprel ayı hesabatına görə, 2026-cı ildə ölkədə gündəlik neft hasilatının orta hesabla 0,58 milyon barel səviyyəsində qalacağı gözlənilir. Bu, əvvəlki proqnozlarla müqayisədə dəyişməz qalaraq sektorun dayanıqlılığını təsdiqləyir.
İlin ilk rübünün nəticələri də bu sabitliyin real əsaslara söykəndiyini göstərir. Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına əsasən, yanvar-mart aylarında ölkədə 6,6 milyon ton neft və kondensat hasil olunub. Bu həcmin əsas yükünü isə ənənəvi olaraq “Azəri-Çıraq-Günəşli” yataqlar bloku daşıyıb. Eyni zamanda, “Şahdəniz” və “Abşeron” kimi strateji yataqlar da ümumi hasilata öz töhfəsini verib.
Hasilatla yanaşı, ixrac göstəriciləri də diqqətəlayiqdir. Hesabat dövründə 5,2 milyon ton neft dünya bazarlarına çıxarılıb ki, bunun böyük hissəsi beynəlxalq konsorsiumların payına düşür. Bu fakt Azərbaycanın qlobal enerji təchizatında etibarlı tərəfdaş mövqeyini qoruduğunu bir daha nümayiş etdirir.
Ümumilikdə, rəqəmlər göstərir ki, Azərbaycan enerji sektorunda kəskin artım mərhələsindən daha çox sabit və balanslaşdırılmış inkişaf modelinə keçid edir. Bu isə dəyişkən qlobal enerji mənzərəsində ölkənin mövqeyini qoruması baxımından strateji əhəmiyyət daşıyır.
Nurlan ABDALOV
XQ