AZ

Ölkəmizdə “ağ ölüm”ə ölüm!

Dövlət Komissiyası İşçi Qrupunun açıqlaması

Cari ilin yanvar-mart ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.  Bu barədə İşçi Qrupundan məlumat verilib. 

Bildirilib ki, qeyd olunan müddətdə hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2443 cinayət faktı aşkarlanıb. Onlardan 549-u narkotik vasitələrin qanunsuz satışı, 1889-u narkotik vasitələrin qanunsuz əldə edilib-saxlanılması, 4-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 896 kiloqram 808,712 qram və 17 ədəd həb narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 477 kiloqram 653,24 qramını marixuana, 171 kiloqram 664,846 qramını heroin, 57 kiloqram 520,39 qramını tiryək, 160 kiloqram 241,04 qramını həşiş, 6 kiloqram 536,7 qramını digər narkotik vasitələr və 23 kiloqram 192,496 qramını psixotrop maddələr təşkil edib. Bunlarla yanaşı, 15 ədəd çətənə bitkisi və 17 həb psixotrop maddə aşkar edilərək götürülüb.

Qanunsuz dövriyyədən çıxarılmış 2 ton 896 kiloqram 808,712 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 75 milyon 978 min manat kimi qiymətləndirilir. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1044 nəfər cəlb edilib, onlardan 13-ü xarici ölkə vətəndaşıdır. Məsuliyyətə cəlb edilmiş 13 xarici ölkə vətəndaşından ümumilikdə 112 kiloqram 789,853 qram  və 17 ədəd müxtəlif növ narkotik vasitələr  götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 44 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 759 kiloqram 474,815 qram narkotik vasitə çıxarılıb.

Ümumilikdə aşkarlanmış cinayətlərin 54-ü qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 625 kiloqram 285,9 qram narkotik vasitə və psixotrop maddə  və 1,2 qram güclü təsir edən maddə müsadirə edilib. 500 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 454 kiloqram 500,9 qram müxtəlif növ narkotik vasitə müsadirə edilib.

Təhlil göstərir ki, 2025-ci ilin yanvar-mart  ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanan faktların ümumi sayı 118, satış məqsədi olmadan qanunsuz əldə edilib-saxlanılması ilə əlaqədar faktların sayı 251 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 691 kiloqram 798,93 qram artıb.

Ötən ilin yanvar-mart ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış digər narkotik vasitələrin çəkisi 14 kiloqram 565,067 qram (69 faiz), psixotrop maddələrin çəkisi 32 kiloqram 894,117 qram  (58,7 faiz) azalıb. 

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 2 ton 477 kiloqram 653,24 qramını (85,5 faiz) marixuana təşkil edib. Onun da 1 ton 949 kiloqram 312,6 qramı (78,6 faizi) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub, 528 kiloqram 340,64 qramı (21,3 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmiş narkotik vasitələrdir.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2026-cı il yanvarın 30-da qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiya tərəfindən 25 məhkəmə və istintaq qərarları əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 858 kiloqram 620,899 qram, 22139 ədəd həb, 1056 ampul narkotik vasitə, psixotrop maddə və 4745 ədəd həb, 240 paket güclü təsir maddələr yandırma üsulu ilə məhv edilib.

Daxili İşlər Nazirliyi tərəfindən bütün növ  sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 21 min 944 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1527 nəfərdən 736-nın istifadəçi olması müəyyən edilib və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin olunub.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 276, QİÇS-lə Mübarizə Mərkəzində 297, Sumqayıt Narkoloji Mərkəzində 125 nəfər)  698 xəstə müalicə alır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə  narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2026-cı il mart ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 15 (4,2 faizi) nəfəri inyeksion narkotik istifadəçisi olub.

Cari ilin yanvar-mart ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 183 vətəndaş müraciəti daxil olub ki, onların 16-ı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 16-sı narkotik asılılıqdan müalicə, 151-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd edilən müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 32 məktub ünvanlanıb.

Cari ilin yanvar-mart ayları ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 39 tədbir (24 maarifləndirici və təşkilati tədbir, 15 maarifləndirici sosial aksiya) təşkil olunub.

XQ

 

Seçilən
30
1
xalqqazeti.az

2Mənbələr